“Şagirdin təhlükəsizliklə bağlı hansı problemi var ki, üstündə bıçaq gəzdirir?!” – TƏHSİL EKSPERTİ

Kamran Əsədov: “Məktəbdə baş verən cinayət hadisələri zamanı valideyn də məsuliyyətə cəlb edilməlidir”

“Məktəblər artıq nə təhsil, nə də tərbiyə verir; Bu gün məktəb öz funksiyasını yerinə yetirə, şəxsiyyət yetişdirə bilmir”

“Direktorlar öz öhdəliklərini yerinə yetirməkdə problem yaşayırlar”

İki gün əvvəl Gəncə şəhərindəki orta məktəbdə baş verən qətl hadisəsi ölkə gündəmini çalxaladı. Diqqət yenə təhsil sahəsində mövcud olan problemə, o cümlədən də yetişməkdə olan, yaxud yetişdirə bilmədiyimiz gənc nəslin, yeniyetmələrin üzərinə yönəldi. Xüsusilə də sosial şəbəkələrdə belə fikir səsləndi ki, təhsili, təlim-tərbiyəsi ölüm ayağında olan gəncliyimiz kriminalın və narkomaniyanın cənginə düşüb. Bəs, bunun səbəbi nədir? Cəmiyyət olaraq, harada yanlışa yol veririk? Stopnarkotik.az bu mövzu ətrafında tanınmış təhsil eksperti Kamran Əsədovla söhbətləşib.

- Kamran bəy, iki gün əvvəl Gəncə şəhərindəki orta məktəbdə qətl hadisəsi baş verdi. Bu faktın özü də göstərdi ki, yeni nəsil arasında çox neqativ tendensiya baş alıb gedir, yeniyetmələr kriminala meyllənir. Sizcə, bu məsələdə konkret olaraq məktəb rəhbərliyinin məsuliyyəti nə qədərdir?

- Burada hamının məsuliyyəti var. Bu gün cəmiyyət olaraq biz öz öhdəliyimizi yerinə yetirmirik. Biz məktəbləri artıq heç nədə günahlandıra bilmərik. Bilirsinizmi, niyə? Ona görə ki, biz artıq məktəblərin “başını buraxmışıq”. Məktəblər artıq nə təhsil, nə də tərbiyə verir. Məktəblər ancaq pul alıb buraxırlar ki, dərsə gəlməyin. Yəni bu gün Azərbaycan məktəbi öz öhdəliyini yerinə yetirmir. Bu gün Azərbaycan məktəbi vətəndaş yetişdirə bilmir. Bu gün ali məktəblərə qəbul imtahanının nəticələri məktəblərin nəticələri deyil. Uşaq orta məktəbdə almalı olduğu biliyi gedib hazırlıq kursunda, repetitor yanında alır. Gedin 10-cu, 11-ci siniflərə baxın, ancaq oxumayan uşaqlar məktəbə gəlirlər, oxuyanlar hamısı repetitor yanındadır.

Məktəb şagirdin psixoloji vəziyyəti, uşağın digərləri ilə ünsiyyəti ilə bağlı pasport hazırlamalı idi. Məktəb mütəmadi şəkildə anonim olaraq sorğular keçirməli idi ki, sizin hansısa sinif yoldaşınızda kəsici, deşici soyuq silah, bıçaq varmı? Yaxud hansısa zorakılıq törədilibmi? Kimsə kimisə birdən-birə bıçaqlamır. Mənim 39 yaşım var, hələ bir dəfə də toyuq başı kəsməmişəm. Qurban kəsəndə mən onun yanında dayana bilmirəm. Biz o uşaqlara məktəb olaraq nə verdik?

Pandemiya dövründə uşaqlara telefon verdik, planşet verdik. Onların da hamısı yaş xüsusiyyətlərinə aid olmayan videolara baxırlar. Biz onları yönləndirə bilirikmi? Yox. Uşaqların hamısınını əlində telefon var, hamısı “TikTok”-da, “İnstagram”da canlı yayımdadır. Siz onların sosial şəbəkələrdə canlı yayımda danışıqlarına baxsanız, görərsiniz ki, heç uzun illərin “vor zakon”ları o söhbətləri etmirlər.

Saytlar, televiziyalar kimi təbliğ edir? “Vor zakon”ları, avtoritetləri. Amma bir dənə alim, elm üçün, təhsil üçün faydalı olan insan təbliğ olunmur. İnsanlar görürlər ki, ən hörmətli insan, güclü insan “vor zakon”lar, avtoritetlər, oğru aləminin insanlarıdır. Onlar daha çox təbliğ olunur. Bunlar da ona oxşamaq istəyirlər. Deməli, burada bir məktəbin günahı yoxdur, hamımızın günahı var. Amma məktəbin günahı hamısından böyükdür.   

- Bir az konkretləşdirsək, cəmiyyət olaraq bizim məsuliyyətimiz nədir? Biz harada nəyi yanlış edirik ki, gənclərimiz kriminala meyllənir?

- Bilirsiniz, necədir? Biz problemi görəndə hamımız üzümüzü çeviririk ki, məndən, mənim ailəmdən uzaq olsun. Yəni “məni vurmayan ilan yüz yaşasın”. Orta məktəbdəki şagirdlərin telefonlarının heç birində qadağanedici proqram yoxdur ki, hansısa videolara, informasiyalara baxmasınlar. Və yaxud da bizim cəmiyyət olaraq maarifləndirmə sahəsində işimiz düzgün deyil. Orta məktəb dərsliklərini oxuyun, görün orada özünüzü ona oxşatmaq istədiyiniz bir dənə qəhrəman obrazı tapacaqsınız? Yaxud da son dövrlərdə Azərbaycan televiziyalarında çəkilən filmlərin birindəki qəhrəman obrazına özünüzü oxşatmaq istəyirsiniz? Yox. Əvəzində biz kimi özümüzə nümunə götürürük? “Polad Ələmdar”ı. O aləmdəkiləri elə tərbiyə edirik, öləndən sonra elə bir qəbir abidəsi düzəldirik ki, deyirlər, hə, bu yaxşıdır.

Oğru aləmindən bir nəfər vəfat edəndə minlərlə insan onun dəfninə gəlir, amma bir alim öləndə heç kim onun yanında olmur. Cəmiyyət olaraq bunu edən bizik. Bir müğənninin dəfnində o qədər başsağlığı verirlər, amma alimi tanımırlar. Mən şəxsən sorğu keçirmişəm, nəticədə görmüşəm ki, Azərbaycan insanı milli qəhrəmanını, öz alimini, akademikini tanımır. Və bu cəmiyyətin problemidir. Müğənnini dinləyir, amma dövlət televiziyasında biri eilmdən danışır, heç kim ona baxmaq istəmir. Deməli, cəmiyyət olaraq günah bizim özümüzdədir.

Deyirik ki, uşaqlar bunu niyə edir? Sizə sadə bir misal çəkim. Günün istənilən vaxtı gedin iri “Mall”ara, görəcəksiniz ki, 25-26 yaşında gənc analar yanında 6-8-10 yaşında uşaqları var, hamısının əlində telefon var, sosial şəbəkədədirlər. Amma bu anaların biri də baxmır ki, o uşaq telefonda nəylə məşğuldur. Analar uşaqlarına vaxt ayırmırlar. Analar əllərində telefon tutduqları qədər o əlləri ilə uşaqlarının əlini tutmurlar. Analar sosial şəbəkələrdə vaxt keçirdikləri qədər uşaqları ilə vaxt keçirmirlər. Yekun nəticədə uşaqlar bu yollara düşürlər.

Ailə dəyərlərimiz artıq sözün hər mənasında korlanıb. Cəmiyyət olaraq işimiz budur. Mən statistika çıxarmışdım ki, vətəndaşların sosial şəbəkələrdə keçirdikləri vaxt fantastik həddə idi. Sizə onun qarşılığını deyimmi? Bizim 51 universitetimizdə 187 min tələbə oxuyur. Bilirsinizmi, kitabxanalardan onların neçə faizi istifadə edir?

- Neçə faizi?

- Cəmi-cümlətanı 3 faizi. Amma sosizl şəbəkədə hərəsinin 4-5 hesabı var. Hamısı sosial şəbəkə hesablarındadırlar.

- Yeri gəlmişkən, qeyd edim ki, yeniyetmələr arasında narkotiklərdən istifadə də geniş yayılıb. Əksər narkotik aludəçiləri də əsasən narkotiklərə məktəb yaşlarından başlayırlar.

- Əlbəttə ki. Çünki məktəblərə biz baxırıq, Azərbaycan müəlliminə heç bir imtiyaz verməmişik. Mən demirəm, müəllim uşağı döyməlidir. Mən buna haqq qazandırmıram. Amma bu gün Azərbaycan müəllimi məktəbdə bir maketdir. Əgər həmin valideyn eşidirsə ki, müəllim onun uşağına qışıqırıb, gəlib deyir ki, sən mənimlə bərabər uşaqmı böyütmüsən? Misal üçün, dünən bütün mətbuatda yayıldı.

Müəllim valideynin verməli olduğu tərbiyəni verir, elm verir, bu onun vəzifə öhdəliyidir. Bu gün Azərbaycan məktəbi bir az hüquqsuz qalıb. Amma direktorların səlahiyyətləri var. Onlar da öz səlahiyyətlərini öz maddi vəziyyətlərini, rifahlarını yüksəltməyə daha çox yönəldiblər, nəinki təhsilin, təlimin, tərbiyənin yüksəldilməsinə. Bizdə uşaq vaxtı heyvanları aparırdılar naxıra, axşam gətirirdilər axıra. Bu gün məktəblər odur. Valideynlər başlarını dincəltməkdən ötrü uşaqlarını göndərirlər məktəbə. Məktəb də ki... 10-11-ci sinifdə repetitor yanına, hazırlıq kurslarına gedəcəklər, ona görə heç bir öhdəliyi yerinə yetirmir.

Bu gün biz başa düşməliyik, pandemiyadan sonra dünyanın və Azərbaycanın təhsil sistemi, təhsilin məzmuni, standartları dəyişib. Biz yeni dövrdə məktəbləri köhnə qaydalarla idarə etmək istəyirik. Uşaqlara siz nəsə elmdən izah etmək istəyəndə, o daha yaxşısını internetdə tapa bilir. Yenə də deyirəm, məktəb direktorları çox təəssüf ki, öz öhdəliklərini yerinə yetirməkdə problem yaşayırlar.

- Kamran bəy, amma SSRİ dönəmində belə bir fikir var idi ki, şagirdlər ailədən, evdən daha çox məktəbdə tərbiyə alır. Bu gün tədris sistemi məhv olduğu kimi, məktəbdə təlim-tərbiyə də tamamilə məhv edilib...

- Məktəbdə dərs deyən müəllimlərin ailə vəziyyətinə, psixoloji durumuna baxsaq, mənzərəni görəcəksiniz. Azərbaycanın 4432 orta məktəbində 1,6 milyon şagird var, 150 min müəllim. 150 min müəllimin 81 faizini qadın müəllimləri təşkil edir. Bu, bilirsiniz, nə deməkdir? Yəni artıq uşaqlar qorxmurlar, çəkinmirlər, xarakter formalaşması yoxdur. Mən demirəm ki, qadın xaraktersizdir. Amma etiraf edək ki, qadın və kişi fərqli-fərqli xarakterlərdir.

- Bəli, qadında zəhm olmur.

-Əlbəttə ki. Uşaq bağçaya gedir - qadın. Evdə ana. Universitetdə qadın müəllim. Orta məktəbdə qadın. Əlbəttə, xarakter formalaşmayacaq. Və bu da yekunda narkotikə marağa gətirir.

Biz şərqliyik. İstər-istəməz tərbiyə prosesində müəyyən qədər xarakter formalaşması olmalıdır. Bu, birmənalıdır. Bu gün Azərbaycan məktəbi bundan məhrumdur. Çox təəssüf ki, Azərbaycan məktəbi şəxsiyyət yetişdirə bilmir. Ona görə yetişdirə bilmir ki, bizdə gender bərabərliyi təhlükəli həddə pozulub. Çox təhlükəli həddə pozulub və bu gələcək üçün böyük fəsadlar törədəcək.

- Ən azından məktəblərdə...

- Əlbəttə. Məktəbdə 81 faiz qadın müəllimdir, 19 faiz kişi müəllim. Kişi müəllimlərin də orta yaşı 40-ın üzərindədir. Bu uşaqlar kimdən çəkinsinlər? Bizim vaxtımızda dəhlizdə bir kişi müəllim görəndə qorxumuzdan tərpənə bilməzdik. İndi yeni müəllimlər gəlir, amma gələn müəllimlər də başlarını repetitorluğa qatıblar ki, uşaqlarla sərt olmasınlar, onların yanına gəlməzlər. Yəni bu gün məktəb öz funksiyasını yerinə yetirmir.

- Bunda cəmiyyət olaraq yəqin ki, müəllimin gözdən salınmasının da rolu var.

- Mən həmişə demişəm, çox təəssüf ki, bir neqativ olan kimi hamı müəllimi paylaşır. Müəllim də artıq qorxur. 2014-cü ildə “Müəllimlərin etik davranış qaydaları” qəbul olunub. İnanın, müəllimin hüquq və vəzifələrinə baxsaq, görərik ki, müəllim böyük iş görə bilər. Ötən gün bir video çəkilmişdi, müəllim uşağın üstünə qışqırmışdı, kobud söz demişdi. Sözdür də, evdə valideyniniz sizə qışqırmayıb? Mənimki qışqırıb. Bu adam həm də müəllimdir. Siz ev yeməyi yeyirsiniz, deyirsiniz ki, ev yeməyi yaxşıdır. Onda evdə təhsil verin də. Evdə təhsil verə bilmirsiniz ki. Bunun öhdəliyini məktəb yerinə yetirir. İmkan verin yerinə yetirsin də.

- Əslində hansı valideyn ki, “mənimlə bərabər uşaq böyütmüsən?” deyə müəllimin üstünə gəlir, onda övladını məktəbə qoymasın, evdə təhsil versin.

- Düzdür, müəllimlər bəzən öz maddi maraqlarını önə çıxarırlar. Amma biz təhsildə inqilabı mütləq etməliyik. Təhsildə inqilaba ehtiyac var. Çünki artıq ciddi problemlər var. Tam səmimi deyirəm. Məşhur bir söz var, deyir gecə çölə çıxmağa qorxurdum. Amma Tovuzda iki-üç ay bundan əvvəl iki qız şagirdi bir-birini bıçaqlamışdı. Oğlanı qoyduq kənara, qız. Özü də 4-cü sinifdə.

-İki il öncə də Gəncədə oxşar hadisə baş vermişdi.

- Bu günlərdə sorğu keçirmişəm. İştirak edənlərin 40 faizi deyir ki, mənim sinif yoldaşımın çantasında, cibində bıçaq var. Azərbaycan dünyanın ən sabit, stabil, kriminoloji vəziyyətin ən aşağı olduğu ölkələrdəndir. DİN bu sahədə güclü mübarizə aparır. Narkotik, yaxud da bu tipli məsələlər olsun. Sən nədən narahatsan? Sənin təhlükəsizliyinlə bağlı hansı problemin var ki, sən üstündə bıçaq gəzdirirsən? Sən özünü nədən, kimdən qoruyursan? Sən hansı təhlükədəsən ki, özünü bıçaqla qoruyursan?

- Sizcə, burada valideyn nəzarətsizliyi rol oynayır?

- Əlbəttə. Valideyn nəzarət etmir, məktəbdə boşluqdur, şagird də hansısa sinif yoldaşına özünü göstərmək istəyir. Bıçaq gəzdirməyi də hansısa “vor zakon”lardan götürüb, “Tik-Tok”-dan, ya haradansa. Düşünür ki, olar. Biz evdə bıçaqla çörək kəsirik, bunlar bıçaqla gəzir. Siz bunu bir xəbər olaraq görməyin. Yaxud molla dilində danışsaq, bir ölü olaraq görməyin. Bu artıq cəmiyyətin ciddi bir problemidir. Baxın, görün bir il ərzində neçə şagirdin bıçaqlanma halı baş verib? Kənar şəxs yox ha, öz sinif yoldaşı tərəfindən. Bu dəhşətdir.

- Valideyn övladının kriminala meylli yetişməsində nə dərəcədə məsuliyyət daşıyır və bu halın qarşısını nə üçün ala bilmir?

- Burada birbaşa valideynin məsuliyyəti var. Qanunvericilikdə valideynin öhdəlikləri var. Hərənin öz işi var. Bu tip hadisələrdə valideyni məsuliyyətə cəlb etməliyik. Belə hadisələrin cəzalananları sırasında valideynlər də olmalıdır. Valideyn yükü məktəbin üzərinə atmamalıdır. Məktəbin də yükü, öhdəliyi var. Hamının var. Cəzasızlıq olmadığı hallarda bu cür hadisələr baş verəcək. Biz valideynləri valideyn hüququndan məhrum etməyə qədər getməliyik.

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az