Naxçıvanın Ordubad şəhərində küçədə uşaq tapançasından atəş açan 39 yaşlı kişi inzibati məsuliyyətə cəlb edilib.
Hadisə Ordubad şəhər Heydər Əliyev prospektində yerləşən “Emin” şadlıq sarayının önündə baş verib.
1986-cı il təvəllüdlü Əhməd Babayev (ad-soyad şərti verilib – red.) özünə məxsus “Mitsubishi Pajero” markalı avtomobilində olarkən plasmas materialdan hazırlanmış uşaq tapançasından bir neçə dəfə havaya atəş açıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Ə. Babayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü xalanəvəsinin toyundan çıxıb və işlədiyi Ordubad şəhərində yerləşən marketə gedib: “Həmin vaxt spirtli içkinin təsirində olmuşam. Həmin gün gecə saat 24 radələrində marketi bağlayaraq dostum İlqardan mənə məxsus avtomobili idarə etməsini xahiş etdim. Biz birlikdə pivə qəbul etmək üçün “Melisa” restoranının yaxınlığında yerləşən kafeyə getdik. Lakin ora bağlı olduğu üçün evə qayıtmaq qərarına gəldik. Ertəsi gün İlqar mənə gecə qayıdarkən “Emin” şadlıq sarayının önündən keçərkən plastmas materialdan hazırlanmış oyuncaq silahdan bir neçə dəfə atəş açdığımı və həmin vaxt oradan keçən “VAZ 2107” markalı avtomobilin olması barədə məlumat verdi. Hərəkətlərimdən səmimi peşmanam”.
Məhkəmədə ifadə verən “VAZ 2107” markalı avtomobilin sürücüsü bildirib ki, hərəkətdə olan zaman yaxınlığında olan digər avtomobilin ön oturacaq hissəsində əyləşən üzünü görmədiyi bir nəfər şəxs oyuncaq silah ilə göyə bir neçə dəfə atəş açıb.
Ordubad Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 70 manat məbləğində cərimə olunub./"teleqraf"