Sabunçuda 19 yaşlı qız atalığını niyə bıçaqlayıb?

Bakının Sabunçu rayonunda 2006-cı il təvəllüdlü Sənəm ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı atalığı Cəmili (adlar şərti verilib – red.) bıçaqlayıb.

Hadisə 25 dekabr 2023-cü ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Bakı şəhər sakini Sənəm kiçik bacısına hədiyyə almaması səbəbindən sərxoş vəziyyətdə olan atalığı Cəmil onunla mübahisə edib.

Mübahisə zamanı atalığı stulu götürərək onun üzərinə gəlib. Sənəm masanın üzərindəki bıçaqla 2016-cı il təvəllüdlü azyaşlı qardaşının gözü qarşısında atalığına xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Sənəmin barəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sənəm ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, gözəllik salonunda lazer ustasının köməkçisi işləyir: “Hadisə günü işdən evə gəldim. Yeni il münasibəti ilə bacıma və qardaşıma hədiyyə almışdım. Uşaqlardan ikisinə hədiyyə aldım, ortancıl bacıma hədiyyə ala bilmədim. Atalığım bununla bağlı mənə əsəbləşdi, ortancıl bacıma nəyə görə hədiyyə almadığımı soruşdu. Həmin vaxt içkiliydi, içki içməyə də davam edirdi.

Mübahisə zaman atam üstümə qışqırdı. Mən də ona cavab qaytardım. Atam əvvəlcə üstümə stəkan atdı, sonra dəmir stulu götürərək mənə hücum etdi. Mən yenə ona cavab qaytardım və stolun üzərində olan bıçağı götürdüm. Niyyətim atamı qorxutmaq idi. Lakin xatırlamadğım şəkildə bıçaq atama dəydi”.

Təqsirləndirilən şəxs bildirib ki, hadisə vaxtı qonşuları Səid də onların evindəymiş: “Amma Səid içkili deyildi, atamı işə çağırmaq üçün bizə gəlmişdi. Atamın nə qədər içki içdiyini bilmirəm, amma artıq sərxoş idi. Anam da arada içki içirdi. Ailədə tez-tez olmasa da, hərdən münaqişə baş verirdi.

Cəmil mənim ögey atamdır. Biz uşaq yaşlarından Cəmilin yanında böyümüşük. Bizi tez-tez döyməsə də, aradabir vururdu. Onun məni vurması nəticəsində yüngül xəsarətlər də almışam.

Hadisə zamanı qonşumuz Səid qapının yanında, atam divanın üstündə əyləşmişdi, anam divanın yanındaydı, mən də anamla üz-üzə dayanmışdım. Arxamda divar və televizor, sağımda-solumda şkaf və qapı vardı. Atam stulu mənə atmaq istəyəndə qaça biləcəyim yer yox idi. Otaq çox balaca olduğu üçün sərbəst hərəkət etmək mümkün deyildi.

Bacılarım və qardaşım da evdəydi. Bıçağı yemək yeyilən stolun üstündən götürdüm. Atam mənə hücum edəndə stolun yanındaydım, bıçaq mənə çox yaxınıydı. Atamı qorxutmaq istədim. Lakin o, birdən-birə üstünə düşdü, bıçaq ona dəydi”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Cəmilin sözlərinə görə, hadisə günü axşam saatlarında evində içki içən zaman Sənəm gəlib: “Uşaqlar üçün bayram hədiyyələri almışdı. Mən də bacısı Sara üçün hansı səbəbdən hədiyyə almadığını soruşdum. Saraya qulaqlıq alacağını dedi. Əsəbləşərək onu qorxutmaq üçün ayağa qalxdım. Ayağım sürüşərək yıxıldım, bıçaq mənə dəydi”.

Zərərçəkmiş qeyd edib ki, hadisə zamanı içkili olub, stulu Sənəmə atmaq istəyib: “Ayağım burxuldu, yıxılanda bıçaq mənə batdı”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sənəmin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona 1 il sınaq müddəti olmaqla 6 il şərti cəza verilib.