Sabit elektrik və qaz tarifləri... - PARLAMENT "HƏ" DEDİ

2028-ci il iyulun 1-dən qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq.

Stopnarkotik.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Qaz təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılar olacaq:

qazın topdansatış tarifləri;
qazın nəqli tarifləri;
qazın saxlanması xidmətlərinin tarifləri;
qazın paylanması tarifləri (2027-ci il yanvarın 1-dən qüvvəyə minir);
istehlakçılara qazın pərakəndə satış tarifləri;
qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri;
qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri;
sabit tarif.

Qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi sabit tarif hesab ediləcək.

Qazın paylanması tarifləri 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək, digər tariflər isə bu qanunun qüvvəyə mindiyi gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Bunlar nəzərə alınmaqla tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Qaz təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər bu qanunda nəzərdə tutulan qaydalara uyğun olaraq hesablanacaq.

2028-ci il iyulun 1-dən qaz təchizatı subyektləri və onlarla istehlakçılar arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlı məsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənəcək.

Qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru və qazın saxlanması sistem operatoru, habelə topdan və pərakəndə qaz satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödəniləcək. Tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək və həmin məbləğ 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. 

***

Elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarif tətbiq ediləcək.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur.

Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.

Qanun layihəsi sabit tarifi elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edir.

Qanun layihəsində həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, eləcə də sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.