“Masallı rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin sabiq direktoru Cəlil Nəzərovun məhkəmə prosesi davam etdirilib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, xəstəlikdən əziyyət çəkən, buna görə azadlığa buraxılan Cəlil Nəzərov Lənkəran Ağır Cinayətlər Məhkəməsinə təcili yardım avtomobilində, xərəkdə gətirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində bu gün hökm elan olunması gözlənilsə də, proses iyun ayının 5-dək təxirə salınıb.
Qeyd edək ki, ötən ilin əvvəlində “Masallı rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin sabiq direktoru Cəlil Nəzərovun məhkəmə istintaqı dayandırılıb. Buna səbəb təqsirləndirilən Cəlil Nəzərovun səhhətinin pisləşməsi olub. Cəlil Nəzərov xəstəliyi ilə bağlı azadlığa buraxılıb.
Bir qədər əvvəl isə Masallı Rayon Mərkəzi Xəstəxanasının 3 il əvvəl həbs edilən baş həkimi Cəlil Nəzərov və onun köməkçisi olmuş Təranə Əliyevanın cinayət işi üzrə məhkəmə istintaqının tamamlandığı elan olunub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror təqsirləndirilən Cəlil Nəzərovun 12 il 6 ay, Təranə Əliyevanın isə 9 il azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmalarını istəyib.
Həmçinin Cəlil Nəzərovun üzərinə həbs qoyulmuş əmlaklarının da dövlət hesabına müsadirə edilməsi istənilib.
İttihama görə, Cəlil Nəzərovun qeyd olunan vəzifədə işləyərkən tabeliyində olan şəxslə qabaqcadan əlbir olaraq 2007-2020-ci illəri əhatə edən dövr ərzində xəstələrə əlillik dərəcəsinin təyin olunması müqabilində ümumilikdə 321 nəfərdən cəmi 400 min manat pul vəsaitini təkrarən rüşvət qismində almasına, rəhbərlik etdiyi tibb müəssisəsinin maddi-texniki təminatı üçün dövlət büdcəsindən ayrılmış cəmi 275 min manat məbləğində pul vəsaitini mənimsəməsinə, həmin qanunsuz hərəkətlərini ört-basdır etmək üçün müvafiq rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməsinə, eləcə də bu yolla əldə etdiyi qanunsuz pul vəsaitlərini rayon ərazisində özünə məxsus istirahət mərkəzinin inşasına yönəltməklə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Təranə Əliyevanın Cəlil Nəzərovun köməkçisi vəzifəsində işləyərkən sonuncunun qeyd olunan qanunsuz məqsədlərlə ümumilikdə 34 nəfərdən cəmi 52 min manat rüşvət almasında köməkçi qismində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.
Cəlil Nəzərov və Təranə Əliyevaya müvafiq olaraq Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2, 311.3.3 (külli miqdarda təkrar rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib. Cəlil Nəzərov barəsində məhkəmənin qərarı ilə həbs, Təranə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. İbtidai istintaq zamanı vurulmuş ziyanın təmin edilməsi məqsədilə Cəlil Nəzərova məxsus Masallı rayonu ərazisində yerləşən daşınmaz əmlaklar üzərinə həbs qoyulub.