Xəbər verdiyimiz kimi, dələduzluqda təqsirli bilinən Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkut barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.
Bakı Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda bacıların anket məlumatları yenidən dəqiqləşdirilib, şikayətlərin dəlilləri araşdırılıb.
A.Əliyevanın şikayəti qanunamüvafiq qaydada verilsə də, İ.Turkutun vəkili və digər bir nəfər zərərçəkmiş apellyasiya şikayətini təyin edilmiş 20 günlük müddət bitdikdən sonra verib. Vəkil və zərərçəkmiş müddətin bərpa edilməsinə şərait yaradılması ilə bağlı vəsatət qaldırıb. Anar Tanrıverdiyevin sədrlik etdiyi hakimlər heyəti vəsatətləri təmin edib.
Qərara əsasən, müddətin bərpası məsələsi müzakirə edilməsi üçün cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, A. Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama), İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə zərərçəkmişlərə dəymiş ziyan 1 milyon manata yaxın hesablanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Əliyeva 7 il, İ.Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İ.Turkut məhkəmə zalında həbs edilib./"qafqazinfo"