Saat 12:00-a olan seçici fəallığı - 38,57 FAİZ...

Növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, saat 12:00-a qədər respublika üzrə 2499033 nəfər səs verib. Seçici fəallığı 38,57 faiz olub.

Hesabat vermiş məntəqələrin sayı 6499-dür.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.