Saakaşvili baş nazirliyə namizədliyini verəcək?

"Gürcüstanın paytaxtı Tbilisidə xəstəxanada yatan ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin ümumi vəziyyəti yaxşılaşıb, lakin müalicəsi xəstəxanada davam etdirilməlidir”.

Bu barədə tibb müəssisəsinin klinik direktoru Zurab Çxaidze yerli telekanala məlumat verib.

"Xəstənin (Saakaşvili) ümumi vəziyyəti əlbəttə ki, yaxşılaşıb. Onun həyati parametrləri yaxşılaşıb, lakin laboratoriya testlərinin nəticələri hələ də diqqət tələb edir. Onun qan təzyiqi vaxtaşırı dəyişir, bu da çox vaxt ziyarətçilərlə əlaqəlidir”, - deyə Çxaidze bildirib.

Onun sözlərinə görə, Saakaşvilinin vəziyyəti stasionar müalicə üçün zəruri olan meyarlara uyğundur.

Xatırladaq ki, Saakaşvili barəsində bir sıra cinayət işlərinin açılmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilərək türməyə yerləşdirilib. O, özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyası elan edib. Sonradan eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb. Vəziyyətinə baxmayaraq, o, Gürcüstan siyasətində iştirak etməyə hazır olduğunu dəfələrlə bəyan edib, “Vahid Milli Hərəkat” partiyası növbəti seçkilərdə qalib gələrsə, siyasətçi, baş nazirliyə namizədliyini irəli sürəcəyini istisna etməyib./unikal