Külli miqdarda rüşvət almaqda təqsirləndirilən 19 nəfər vəzifəli şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Təqsirləndirilən İldırım Məmmədov 8 il 6 ay, Nazim Səfərov 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən şəxslər isə 1 il müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə cəzasına məhkum edilib.
Eyni zamanda, Nicat Abbasov, Ehtiram Eyvazov, Mircəlal Xurşudzadə, Ruslan Əliyev 3il 6 ay, Mübariz Paşayev, Elsevər Paşayev, Bağı Məsimov 3 il 4 ay, Amil Aslanov və Etibar Eyvavov 3 il 3 ay, Pərviz Ələkbərov, Aydın Cəfərov, Səlim Süleymanovun barəsində 3 il 2 ay müddətdə başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib.
Bununla yanaşı, təqsirləndirilən Asif Yusifov 2 il 4 ay, Şıxəli Abbasov və Məhi Həsənov 2 il 2 ay müddətində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilsə də, onların həbs cəzası çəkildiyi üçün cəzaları bitmiş sayılıb.
Təqdirləndirilən Famil Məmmədov və Əsəd Nəsirov vəfat etdiyi üçün onların cinayət işinə xitam verilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İstintaqla ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin Xidmətin vəzifəli şəxsləri, yerli ərazi şöbələrinin müdirləri, bələdiyyə sədrləri və digər şəxslərlə qabaqcadan əlbir olaraq dövlət qurumunun müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədilə 169 halda rüşvət almaları, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, eləcə də bir sıra hallarda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmələrinə (nüfuz alveri) əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs:
- Dövlət Xidmətinin işçiləri İldırım Məmmədov, onun rəhbərlik etdiyi sektorun baş məsləhətçisi Əsəd Nəsibov,
- Xidmətin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə, Lənkəran ərazi şöbələrinin müdirləri Ehtiram Eyvazov, Elsevər Paşayev, Mübariz Paşayev, Amil Aslanov, Nazim Səfərov, Aydın Cəfərov, Baği Məsimov, Mircəlal Xurşudzadə, Nicat Abbasov, Pərviz Ələkbərov,
- Abşeron rayonun Saray, Şəki rayonun Qoxmuq, Qazax rayonun Daşsalahlı, Salyan rayonun Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləri Məhi Həsənov, Etibar Eyvazov, Asif Yusifov, Famil Məmmədov, Sərviz Süleymanov,
- Sumqayıt bələdiyyəsinin icra aparatının təşkilat şöbəsinin müdiri Şıxəli Abbasov,
- Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevə;
Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilərək barələrində həbs, ev dustaqlığı, vəzifədən kənarlaşdırma və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib./apa