Rusiya mətbuatı və "Telegram" kanalları Rusiyanın intihar edən keçmiş nəqliyyat naziri, Kursk vilayətinin sabiq qubernatoru Roman Starovoytla bağlı yeni detalları dərc ediblər.
"Mash" "Telegram" kanalının məlumatına əsasən, məmurun Kursk vilayətinin Durnevo yaşayış məntəqəsindəki iqamətgahı eyniadlı vilayətdə cinayət işinin predmetinə çevrilmiş fortifikasiya qurğularını tikən şirkət tərəfindən inşa edilib.
Mənbələrə görə, keçmiş qubernatora qarşı əsas ifadələri məhz bu təşkilatın baş direktoru verə bilərdi.
Eyni zamanda, Starovoyt müasir Rusiya tarixində intihar edən ilk yüksəkvəzifəli məmur oldu.
Bildirilir ki, Starovoyt iyulun 7-də səhər saatlarında hələ də Nəqliyyat Nazirliyində işdə idi və işdən çıxmasının elan edildiyi vaxt iclas keçirirdi. "Kommersant" nəşri yazır ki, həmin gün axşam saatlarında onun saxlanılması və Rusiya İstintaq Komitəsinin şöbələrinin birində dindirilərək dələduzluqda ittiham irəli sürülməsi planlaşdırılıb.
Starovoyt son mesajını mühafizəçilərinə göndərib və onu harada və nə vaxt götürməli olduğunu bildirib. "Aurus" xidməti maşınında gələn şəxsi mühafizə əməkdaşları parklama ərazisində öz rəislərinin cəsədini tapıblar və xüsusi xidmət orqanlarına zəng ediblər. Avtomobildə onun yanında 2023-cü ildə aldığı "Makarov" tapançası olub.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, ölkənin keçmiş nəqliyyat naziri Roman Starovoytun meyiti onun şəxsi avtomobilində tapılıb.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, keçmiş nazir ona bağışlanan tapança ilə özünə atəş açıb.

Rusiya mətbuatı artıq Roman Starovoytun özünə qəsd etdiyi avtomobilin fotosunu da dərc edib.

Qeyd olunur ki, R. Starovoytun intiharı ona qarşı açılması gözlənilən cinayət işi ilə bağlı ola bilər. Belə ki, Kursk vilayətinin keçmiş rəhbərinə qarşı əvvəllər onun müavini işləmiş və bir milyard rubl məbləğində(təxminən 21.5 milyon manat - red.) dələduzluqda şübhəli bilinərək həbs edilmiş Aleksey Smirnov ifadə verib.
*** 17:08
Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt intihar edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
İlkin məlumata görə, o, mənzilində intihar edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin bu gün imzaladığı fərmanla Roman Starovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilib.
Xatırladaq ki, Starovoyt nəqliyyat naziri vəzifəsində 2024-cü ilin may ayından çalışırdı. Buna qədər isə o, Kursk vilayətinin qubernatoru vəzifəsini tutub.