Rusiyada dayələri zorlayaraq narkomana çevirən şəxs saxlanıldı

Rusiyanın Noginsk şəhərindən olan şəxs Moskva vilayətində saxlanılıb.

Bu barədə regional İstintaq Komitəsi özünün "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, Boqorodski rayonunun 46 yaşlı sakini iki gənc qadının qətlində, digər iki qadını narkotik istifadəsinə məcbur etməkdə və cinsi təcavüzdə ittiham olunur.

Polis şöbəsi bildirib ki, istintaqın tələbi ilə onun barəsində məhkəməyəqədər həbs qərarı çıxarılıb.

Müəyyən edilib ki, kişi qurbanlarını onlayn xidmətlər vasitəsilə tapıb, dayə axtaran saxta elanlar yerləşdirib. Qadınlar onun evinə gəlib, orada yaşayıblar və daha sonra izsiz yoxa çıxıblar.

Müstəntiqlərin sözlərinə görə, kişi saxta elanla cəlb etdiyi dayələri əsir kimi saxlayıb, onları zorlayıb və mütəmadi olaraq narkotik istifadəsinə məcbur edib.

Bundan əlavə, qeyd olunur ki, təqsirləndirilən şəxs həyat yoldaşına qarşı da eyni əməlləri törədib. Nəticədə, qadın evdən qaçaraq xilas olub./oxu.az