Rusiya Federasiyasının İstintaq Komitəsi Leninqrad Hərbi Dairəsi komandirinin maddi-texniki təminat üzrə müavini, general-mayor Valeri Mumindjanova qarşı “Xüsusilə külli miqdarda rüşvət alma” maddəsi ilə cinayət işi açıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaqa görə, Mumindjanov əvvəllər Rusiya Federasiyası Müdafiə Nazirliyinin Resurs Təminatı Departamentinin rəisi vəzifəsində çalışan zaman Xüsusi Hərbi Əməliyyat ərazisi də daxil olmaqla, qoşunlara 1,5 milyard rubldan çox məbləğdə geyim forması tədarükü ilə bağlı kommersiya şirkətləri ilə müqavilələrin bağlanmasına köməklik göstərib. Müstəntiqlər hesab edirlər ki, bunun üçün o, iş adamlarından 20 milyon rubldan çox məbləğdə rüşvət alıb.
Bundan başqa, müəyyən edilib ki, Leninqrad Hərbi Dairəsinin komandirinin müavini və onun qohumlarının Moskva və Voronejdə 120 milyon rubldan çox dəyəri olan daşınmaz əmlakları var.
İstintaq Komitəsindən bildirilib ki, hazırda onların əldə edilməsinin qanuniliyi də yoxlanılır.