Rusiya XİN sözçüsü də Avropa liderlərini narkotik istifadəsində İTTİHAM ETDİ

Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Maria Zaxarova Fransanın, Almaniyanın və Böyük Britaniyanın liderlərini narkotik istifadə etməkdə ittiham edib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə o, “Telegram” kanalından etdiyi paylaşımda Fransa Prezidenti Emmanuel Makron, Almaniya Baş naziri Olaf Merz və İngiltərə Baş naziri Kir Starmerin Ukraynaya gedərkən çəkilən video görüntüsünü paylaşıb.

Mariya Zaxarova Avropada “vaxtı keçmiş müvəqqəti liderlərin” rəhbərlik etdiyini vurğulayıb və daha sonra bunları yazıb:“Zelenskini növbəti qanlı oyuna və Avropada qan tökülməsinin davam etməsinə təhrik etdikdən sonra fransız, ingilis və alman qatara minib hava alıblar. Görünür, jurnalistlər gələnə qədər əşyalarını yığışdırmağı unudublar. Avropanın gələcəyini hər cəhətdən asılı və keçici liderlər həll edir”.

Rusiya XİN rəsmisi 2022-ci ildə Avropa səfirlərindən biri ilə dialoqunu da xatırladıb. Aİ təmsilçisi ona köhnə qitədə siyasi liderlərin narkotik istifadəçisi olmasının adi hal kimi qəbul edildiyini bildirib.

Qeyd edək ki, Fransa Prezidentinin Ofisi sosial mediada yayılan görüntülərə dərhal reaksiya verərək sözügedən iddiaları təkzib edib. Açıqlamada masanın üzərindəki ağ əşyanın “kokain paketi” deyil, sadəcə bir kağız parçası olduğu bildirilib.

Fransız rəsmiləri görüntülərin manipulyasiya olunduğunu iddia edərək bu iddiaların “Fransa düşmənləri” tərəfindən yayılan “saxta xəbərlər” olduğunu vurğulayıb.