Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib ki, Rusiya Xankəndində Baş konsulluq açmaq niyyətindədir.
“Rusiya Xankəndidə yaxın vaxtlarda başlayacaq Rusiya Baş Konsulluğunun açılışına hazırlıq işlərində Azərbaycanın dəstəyinə ümid edir. Biz yaxın vaxtlarda bunun üçün hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, – deyə rusiyalı senator bildirib.
Onun sözlərinə görə, bu baş konsulluğun 2024-cü ildə açılması ideal olardı.
“Bu, bizə qarşılıqlı konsulluqdakı fərqi aradan qaldırmağa imkan verəcək”, – deyə Karasin əlavə edib.
Rusiyav rəsmisinin açıqlamasını “AzPolitika”-ya şərh edən politoloq Fərahad Məmmədov hesab edr ki, Qriqori Karasinin dediyi fikir aktual deyil.
“O zaman aktual olardı ki, Xankəndində Rusiya vətəndaşları olardı”, - o əlavə edib.
“Hazırda orada ruslar yoxdur. Ona görədə şəhərdə Baş konsulluq açılması məntiqə sığımır. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə hər hansı ölkənin konsulluğu yoxdur. Sadəcə Türkiyənin Şuşada Baş konsulluğunun açılması barədə qərar var. Ona görə də düşünmürəm ki, hazırda bu mövzu aktual olsun. Bu, ancaq birtərəfli istək ola bilər” – deyə, F.Məmmədov vurğulayıb.
Keçmiş xarici işlər naziri Toviq Zülfüqarov isə “moderator.az” saytına deyib ki, hər halda bu, Rusiya tərəfindən Azərbaycana edilən qəribə bir təklifdir: “Bəlkə səhv salıblar? Moskva hesab edir ki, guya Azərbaycanla bir-birinin ərazisindəki konsulluqların sayı məsələsində disbalans var, paritet pozulub. Yəni Azərbaycanın Rusiyanın iki şəhərində baş konsulluğu olsa da, Rusiyanın ölkəmizin ərazisində yalnız Bakıda səfirliyi və konsulluğu var, baş konsulluğu yoxdur. Amma o da var ki, paritet konsulluqların sayı ilə götürülməməlidir. Xarici ölkənin ərazidəki vətəndaşlarının sayı ilə, başqa sözlə, onlarla real görülməli olan işlərlə ölçülməlidir. Qarşı tərəf nəzərə almalıdır ki, Rusiya ərazisində yaşayan Azərbaycan vətəndaşlarının sayı da çoxdur. Son rəsmi məlumatlara görə, şimal qonşumuzun ərazisində 630 mindən çox vətəndaşımız yaşayır. Azərbaycanda isə uzun müddətə yaşayan Rusiya vətəndaşlarının sayı çox azdır. Onların da əksəriyyəti, çox güman ki, Bakıdadır. Bakıda isə bu ölkənin, dediyimiz kimi, səfirlik və konsulluğu daimi fəaliyyət göstərir və onlar viza, pasport, lazımi arayışlar verilməsi və s. məsələri həll edirlər”.
T.Zülfüqarov xatırladır ki, dövlətlərarası siyasi məsələlər səfirliklərin diplomatları vasitəsilə həyata keçirilir.
“Azərbaycanın siyasi idarəçiliyi də paytaxtımız Bakıdadır. Əgər xarici ölkə kimi Rusiyanın ölkəmizin regionlarına marağı varsa, onun Azərbaycandakı səfiri, diplomatları ya özləri ayrıca, ya da Xarici İşlər Nazirliyinin diplomatik korpus üçün təşkil etdiyi turlar vasitəsilə bölgələrimizə, o cümlədən işğaldan azad edilmiş Qarabağa, həmçinin Xankəndinə də səfər edə bilərlər. Hesab edirəm ki, bu mənasız bir məsələdir və baş tutmayacaq”, - deyə keçmiş nazir vurğulayıb.
O, hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələnin müzakirəsi zamanı cəmiyyətdən ünvanlanan sualları, yəni Xankəndində Rusiyanın baş konsulluğun açılmasının məqsədi barədə sualları qarşı tərəfə verəcək: “Adətən konsulluğun vəzifəsi mənsub olduğu ölkənin vətəndaşları olan xarici ölkələrdə həmin vətəndaşlara xidmətlər göstərməkdir. Ancaq əgər, məsələn, Azərbaycanda yaşayan ruslar, Azərbaycan vətəndaşıdırlarsa, onlara konsulluq yurisdiksiyası düşmür”.