Rusiya İranın dağılmasından qorxur: investisiyalar və enerji layihələri təhlükə altındadır

Britaniyanın “The Times” nəşri yazır ki, Rusiya İranın nüvə proqramı ilə bağlı saziş bağlamaqda israrlıdır, çünki o, Moskvanın iqtisadi maraqlarını təhdid edə biləcək yeni hücuma görə İranın dağılmasından ehtiyat edir.

Yazıda qeyd olunur ki, Rusiya İranın ən böyük xarici sərmayədarıdır və onun mütəxəssisləri İranın cənubunda Buşehr AES-in tikintisində fəal iştirak edirlər. İranın nüvə alimləri də Rusiyada təhsil alıblar. Bundan əlavə, Rusiyadan Azərbaycan ərazisindən keçməklə İrana qaz kəmərinin çəkilməsi, eləcə də üçüncü ölkələrə tədarükün ixracı üçün qaz qovşağının yaradılması üzrə Moskva layihəsinin həyata keçirilməsi planlaşdırılır.

"Rusiyanın indiki şəraitdə üzləşdiyi əsas problem İranda 2022-ci ildən aktiv şəkildə sərmayə qoyduğu bütün layihələr üçün təhlükədir. Əgər hazırkı hücumlar nəticəsində İran tamamilə qeyri-sabit olarsa, artıq qoyulmuş investisiyalarla yanaşı, həm qaz qovşağı, həm də digər daha real layihələr boşa çıxacaq", deyə Yaxın Şərq və Rusiya siyasəti üzrə ekspert Smagin açıqlayır.

Bundan əvvəl İran və Rusiya rəsmiləri Moskvanın Tehranı nüvə sazişi bağlamaq üçün uranın zənginləşdirilməsindən imtina etməyə çağırması ilə bağlı xəbərləri təkzib etmişdilər. 

Stopnarkotik.az