Çərşənbə günü gecə Rusiyanın Krasnodar vilayətinə pilotsuz təyyarələr hücum edib. Şahidlərin sözlərinə görə, hədəf Tuapsedəki dəniz limanı olub.
Rusiya hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələrin mülki hədəflərə hücum etdiyini açıqlayıb. Qubernator Veniamin Kondratyev bildirib ki, Tuapse və Temryuk rayonunda fərdi evlərə ziyan dəyib, lakin itki yoxdur.
Şəhər sakinləri Tuapse dəniz limanına hücumun davam etdiyini bildirir, partlayışların videolarını yayımlayırlar. Videolardan birində qəzalı vəziyyətdə olan yaşayış binası əks olunub.
Rusiyanın teleqram kanalları da Anapa səmasında hava hücumundan müdafiə qüvvələrinin fəaliyyət göstərdiyi ehtimal edilən partlayışlar barədə məlumat verir. Soçi hava limanı “Xalça” planı tətbiq edib, uçuşların qəbulunu və göndərilməsini dayandırıb.
Şimali Osetiyanın rəhbəri Sergey Menyailo bildirib ki, səhər saat 8 radələrində Şimali Qafqaz Federal Dairəsinin yeddi rayonunda pilotsuz uçuş aparatları ilə bağlı xəbərdarlıq rejimi tətbiq edilib. "Kommersant" qəzeti yazır ki, eyni zamanda rayonun digər bölgələrinin səlahiyyətliləri bunu qeyd etməyiblər.
İşğal edilmiş Krımın Rusiya tərəfindən təyin edilmiş hakimiyyət orqanları da PUA hücumları barədə məlumat veriblər. İddia olunur ki, Qara dəniz üzərində 4 pilotsuz təyyarə vurulub.
Müdafiə Nazirliyi Rusiya, Krım, Qara və Azov dənizləri üzərində 128 pilotsuz uçuş aparatının məhv edildiyini bildirib. İddiaya görə, Krasnodar vilayəti üzərində 83 PUA vurulub.
Bu gecə həmçinin Rusiya PUA-ları Ukrayna ərazilərinə hücum edib. Yerli teleqram kanallarının yaydığı məlumata görə, Xarkovda pilotsuz təyyarə şəhərin Kiyevski rayonunda çoxmərtəbəli yaşayış binasını vurub. Şəhər meri mer İqor Terexov bildirib ki, iki nəfərin yaralandığı məlumdur. Terexovun sözlərinə görə, ümumilikdə bir gecədə Xarkovda - Kiyevski və Şevçenkovski rayonlarında dörd pilotsuz təyyarə hücumu qeydə alınıb.
Bundan başqa Rusiya ordusu Kiyev vilayətinə pilotsuz təyyarələrlə hücum edib. Buça rayonunda fərdi yaşayış binası yanıb, daha sonra orada yerli sakinin meyiti tapılıb.
Həmin rayonun digər yaşayış məntəqəsində 19 yaşlı qız və 1981-ci il təvəllüdlü kişi yaralanıb. Beş fərdi evə ziyan dəyib, bir neçə çoxmərtəbəli binanın şüşələri sındırılıb.
Kiyevin özünə də pilotsuz təyyarələrlə hücum olub. Lakin dağıntılar və itkilər barədə məlumat verilməyib.