Rusiya ordusu aylarla silah-sursatdan məhrum olan Ukrayna qüvvələrinə qarşı döyüş meydanında yalnız məhdud uğur qazana bilib.
Bunu “Bloomberg” nəşri yazıb.
Yazıda qeyd olunur ki, Rusiya ordusunun üstünlüyü azalmağa başlayıb və bu, Vladimir Putin üçün getdikcə daha da artan problemə çevrilir.
Məqalədə deyilir ki, indi Kiyev Amerika və avropalı müttəfiqlərindən milyardlarla dollar dəyərində silah alır. Ona görə, Rusiya Ukrayna şəhərlərini, o cümlədən enerji infrastrukturunu raket və dronlarla atəşə tutsa da, rus ordusunun irəliləyiş pəncərəsi daralır. Qeyd olunur ki, Rusiya Ukraynanın şimal-şərqindəki Xarkov vilayətində sərhəd boyu yeni cəbhə açmaq və “bufer zonası” yaratmaq məqsədinə nail ola bilməyib və bunun perspektivi artıq “bataqlıq kimi” görünür.
Volçansk şəhəri ətrafında gedən döyüşlərdə Ukrayna rus qoşunlarına “çox ağır itkilər” verir: “Üstəlik, Rusiya qoşunları aylarla davam edən döyüşlərdə böyük itkilər bahasına fevral ayında Ukraynanın şərqindəki strateji əhəmiyyətli Avdeyevka şəhərini ələ keçirdikdən sonra çox az irəliləyiş əldə edib. Onlar bir neçə həftədir ki, Donetsk vilayətinin şərqindəki Çasov Yar yaşayış məntəqəsini ələ keçirməyə çalışırlar. Rusiyanın Ukrayna qüvvələrinin məhv edilməsi strategiyası Rusiya ordusunun özü üçün çox baha başa gəlir və bu, Rusiya tərəfindəki qüvvələrin həddindən artıq tükənməsinə səbəb ola bilər. Bu da öz növbəsində ukraynalılara əks-hücum şansı verir”.
Məqalədə daha sonra deyilir ki, Putin hərbi məqsədlərinin dəyişməz olduğunu və Rusiyanın Ukraynada qalib gəlmək üçün nə qədər lazımdırsa, mübarizə aparacağını bildirir. Ukrayna və onun müttəfiqləri isə Rusiyanın böyük ölçüdə dalana dirənmiş hücum əməliyyatlarını dayandırmaq vəzifəsilə üz-üzədir. Ukrayna qoşunları yardımın gecikdirilməsinə və Rusiyanın üstünlüklərinə baxmayaraq, cəbhə xəttini saxlaya bilib.
Bundan əlavə, bildirilir ki, ABŞ-dən silah tədarükünün artması, eləcə də həmin silahlarla Rusiya ərazisinin vurulmasına icazə verilməsi Putini Ukraynanın müttəfiqlərinin Kiyevə münasibətinin dəyişməsi faktı ilə barışmağa vadar edir: "Rusiyanın bu il qələbə perspektivləri Ukraynaya silah tədarükü və yardımın bərpası nəticəsində əhəmiyyətli dərəcədə azalıb. Rusiya ən çox əsgər sayına malik ola bilər, lakin onun yüksək səviyyəli zirehli texnikalarının çoxu məhv edilib və ordunu 2022-ci il səviyyəsinə çatdırmaq üçün uzun illər lazım olacaq”.
Müəlliflər əlavə edirlər ki, Putinin Sergey Şoyqunun yerinə ötən ay iqtisadçı Andrey Belousovu müdafiə naziri təyin etməsi Rusiyanın həddindən artıq yüklənmiş iqtisadiyyatının məhdud resurslarından daha qənaətlə istifadə edilməsi məcburiyyətindən irəli gəlir: “Rusiya döyüş meydanındakı üstünlüklərini əhəmiyyətli nailiyyətlərə çevirə bilmədi, çünki onun komandirləri məqsədlərinə çatmaq üçün insan resurslarını israf edir. Ukrayna qoşunları isə insan və maddi-texniki təchizatla təmin olunduqda müdafiədə effektivdir. Rusiyanın hərbi gücü hələ də əhəmiyyətli məhdudiyyətlərə məhkumdur"./“azpolitika.info”