Rus kəşfiyyatı Almaniyada terror və yanğınlar törətməyə çalışıb – Hədəf ABŞ hərbi obyektləri olub...

Almaniya Federal Prokurorluğu iki Rusiya vətəndaşını təxribat hazırlamaqda ittiham edib.

Onların Rusiya xüsusi xidmət orqanları ilə əlaqə saxladıqları iddia edilir. Hücumların hədəfi ABŞ ordusunun hərbi obyektləri, hərbi və sənaye müəssisələri ola bilər.

Şübhəli Dieter S. (tam adlar Almaniyada məhkəmə hökmünə qədər açıqlanmır – red.) partlayış və yandırma hazırlamaqda, təxribat məqsədi ilə agentlik fəaliyyətində və hərbi obyektləri lentə almaqda ittiham olunur. Onun Rusiya kəşfiyyatı ilə əlaqəli bir şəxslə əlaqə saxladığı iddia edilir. Jurnalistlərin prokurorluqdan aldığı açıqlamaya görə, təxribat Almaniyanın Ukraynaya göstərdiyi hərbi yardımın zəifləməsinə gətirib çıxarmalı idi.

Şübhəlinin 2023-cü ilin oktyabrından Almaniyada hərbi və müdafiə sənayesi obyektlərində partlayış və yanğınların hazırlanmasını Rusiya kəşfiyyat xidmətləri ilə müzakirə etdiyi iddia edilir. Bu partlayışları hazırlamaq üçün o, potensial hədəflər, o cümlədən ABŞ ordusunun qurğuları haqqında məlumat toplayıb. Dieter S. foto və video materialları Rusiya ilə əlaqə saxladığı şəxsə göndərib.

İkinci şübhəli Aleksandr J. 2024-cü ilin martından birinciyə kömək edir. Hər iki şübhəlinin Rusiyadan başqa, Almaniya vətəndaşlığı da var.

Dieter S. artıq həbs edilib. O, təxribat hazırlamaqla yanaşı, 2014-cü ilin dekabrından 2016-cı ilin sentyabrına qədər Donetsk separatçılarının silahlı qüvvələrinin tərkibində Ukraynanın şərqində döyüş əməliyyatlarında iştirak etməkdə də ittiham olunur. Aleksandr J. bu gün məhkəmə qarşısına çıxacaq.

Polis şübhəliləri Bavariyanın Bayreuth şəhərində saxlayıb. Həbs olunanların mənzillərində və iş yerlərində də axtarışlar aparılıb./azpolitika.info