"Rufo Gəncinski"nin adından pul tələb edən şəxs məhkəmə qarşısına çıxarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs Abbaszadə Mehdi Əli Hüseyn oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.

Cinayət işində 5 nəfər zərərçəkmiş qismində tanınıb. Şahid  Vüqar Quliyev ifadə verərək  bildirib ki, Mehdi onun işlədiyi  köşkün müdirindən pul tələb edib və deyib ki, biz Rufo Gəncinskinin yaxın adamlarıyıq: "Mənim telefonumla müdirim Cahad danışdı, ona dedi ki, gəlməlisən bura. Ancaq müdirim gəlmədi, Mehdi tək deyildi, qıraqda başqa uşaqlarda durmuşdu. Onlar köşkün içinə girmək istəyirdilər. Mən özüm qapını açdım. Həmin vaxt kassada 1000 manatdan çox pul var idi, ancaq hamısı bir yerdə deyildi. Kassa açıq idi, onlar pulun 600 manatını götürdülər. Dedi ki, verməsən kiosku dağıdacayıq. Mən heç nə deyə bilmədim, qorxdum".

Sonra hakim zərərçəkənin ibtidai istintaqda ifadəsini elan etdi. Məlum oldu ki, Mehdi Vüqara özünü Ramin kimi təqdim edib və qanuni oğru Rufo Gəncinskinin yaxını olduğunu bildirib. 

Məhkəmənin növbəti gedişində köşkün sahibi, cinayət işində zərərçəkmiş qismində tanınan Cahad Hacıyev ifadə verdi: "Mənə işçim Vüqar yığdı. Dedi ki, Ramin adlı oğlan gəlib, səninlə görüşmək istəyir. Daha sonra özü telefonu götürdü, dedi ki, gəlməlisən bura, sən kimə güvənib belə danışırsan. Mən Ramanada olduğuma görə gəlib çata bilmədim. Bir az keçmiş Vüqar zəng edib dedi ki, 600 manat pulu götürüb apardılar".

Məhkəmə prosesi avqust ayının 29-na kimi təxirə salınıb. 

Qeyd edək ki, Mehdi Abbaszadə əsasən yeraltı keçidlərdə yerləşən köşklərə yaxınlaşaraq qanuni oğru "Rufo Gəncinski"nin yaxın adamı olduğunu bildirib və hədə-qorxu ilə pul tələb edib./"unikal"