Ərinin narkotik satdığını gizlədən qadın məhkəmə zalından azadlığa buraxıldı

Ağsu Rayon Məhkəməsində cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmədə təqsirləndirilən Nailə Əliyevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Babək Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 500 manat məbləğində cərimə növündə cəza təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və o, məhkəmə iclas zalından dərhal azad olunub.

İttihama görə, Nailə Əliyeva ağır cinayətin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməyib.

Belə ki, o, 2022-ci ilin yanvar ayında Bakı şəhərində tanış olduğu, faktiki ər-arvad münasibətində olmaqla birgə yaşadığı, Ağsu şəhər sakini Qabil Səfərovla (şərti) birlikdə 10 sentyabr 2022-ci il tarixdə Ağsu şəhərində yerləşən evinə gəlib. 14 sentyabr 2022-ci il tarixdə Qabilin digər bir şəxsə satmaqdan ötrü yaşadığı həmin evdə qanunsuz saxladığı 3 bükümdə, ümumi çəkisi 0,686 qram olan psixotrop maddə - metamfetamini Ağsu şəhər sakini 30 manat satdığını görüb. Eyni zamanda, qadın həmin şəxslərin bu barədə söhbət etdiklərini eşidib. Daha sonra Qabil Səfərov narkotikə görə həbs edilib. Nailə ərinin cinayət məsuliyyətinə cəlb edilməməsi məqsədilə hüquq-mühafizə orqanlarına bu barədə məlumat vermək üçün kifayət qədər vaxtı və imkanı olduğu halda bunu etməyib.

Bununla da, Nailə Əliyeva Cinayət Məcəlləsinin 307.1-ci (Ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədərək məsuliyyətə cəlb olunub./pravda.az