Texas məhkəməsi ABŞ prezidenti Co Baydenin ABŞ vətəndaşları ilə evlənən mühacirlərə hüquqi status verən immiqrasiya proqramını dayandırıb.
Stopnarkotik.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. Bildirilir ki, məhkəmənin qərarı iki həftə qüvvədədir, lakin uzadıla bilər. Qərar 16 ştatın baş prokurorlarının ABŞ administrasiyasının siyasətinə etiraz etməsindən sonra başlayan məhkəmə prosesi çərçivəsində qəbul edilib.
Qeyd edək ki, iyun ayında Ağ Ev ABŞ ərazisinə qeyri-qanuni yollarla daxil olan ABŞ vətəndaşlarının həyat yoldaşlarının hüquqi status ala biləcəklərini açıqlamışdı. 17 iyun 2024-cü il tarixinə ən azı on il ABŞ-da yaşayan və ABŞ vətəndaşı ilə evli olan şəxslər buna arxalana bilərlər. Müraciəti təsdiqlənənlərə iş icazəsi və yaşıl kart üçün müraciət etdikləri müddətdə Ştatlarda üç ilə qədər qalmaq hüququ veriləcək.
Məlumata görə, ABŞ-ın yeni siyasəti “təxminən yarım milyon immiqrant üçün vətəndaşlıq yolunu asanlaşdırıb”. ABŞ Daxili Təhlükəsizlik Departamenti onların ərizələrini bir həftə əvvəl qəbul etməyə başlayıb və hətta məhkəmə zamanı belə ərizələrin verilməsi dayandırılmayacaq, lakin hakimiyyət hələ ki, onlar haqqında qərar qəbul edə bilmir. İddia verən 16 ştat yeni qaydaların “onlara milyonlarla dollara başa gəldiyini” iddia edir.
İyun ayından etibarən ABŞ-da Meksikadan sərhədi qanunsuz keçən miqrantlara sığınacaq verilməsinə müvəqqəti qadağa qüvvəyə minib. Yeni qaydalar Amerika hakimiyyətinə imkan verir ki, Birləşmiş Ştatlarda olması üçün heç bir hüquqi əsası olmayan insanları ölkədən daha tez qovsun.