“Reuters”: ABŞ kəşfiyyatı Meksikada narkobaronları necə tutdu...

“Reuters” agentliyi narkobaronlarının tutulması üçün “gizli əməliyyatlar” keçirən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Meksikada necə işlədiyi haqda maraqlı məqalə dərc edib.

Məqalədə deyilir ki, Los Çapitosun keçmiş lideri və İvan Quzmanın qardaşı Ovidio Quzmanın tutulması əməliyyatını məhz MKİ hazırlayıb.

MKİ şaxələnmiş telefon dinləmə sistemindən Ovidionun əlaltılarının danışıqlarını tutmaq üçün istifadə edib və həmçinin Quzmanın yaxın çevrəsindən olan bir informatordan kömək alıb.

Yerüstü əməliyyatı həyata keçirmək üçün MKİ əməkdaşlarının Meksika ordusunun içindən təlim keçdiyi “elitar birliyi”ndən istifadə edilib.

Əməliyyat böyük itkilərlə başa çatıb: “elitar birliyin” 10 əsgəri öldürülüb, 30-dan çoxu yaralanıb, buna görə də onu "təmiz" adlandırmaq çətindir.

Meksikada MKİ ilə fəal əməkdaşlıq edən və onun rəhbərliyi altında təlim keçən ən azı iki hərbi hissə və bir kəşfiyyat bölməsi var. Mərkəzi Kəşfiyyat İdarəsi hazırda ABŞ-ın Meksikadakı narkotiklərlə mübarizə əməliyyatlarının əsas “təşkilatçısı”dır. Səfirlik binası güc balansını əks etdirir: MKİ səfirlə eyni mərtəbədə, DEA isə aşağıda yerləşir.

DEA ilə MKİ arasında İvan Quzmanın tutulması prosesini xeyli ləngidən münaqişədən danışılır.

Maraqlıdır ki, 2016-cı ildə narkotacirlər və “El Çapo”nun oğulları Meksikanın fentanil sənayesinin əsaslarını qoyarkən, MKİ başqa bir təhlükəyə - heroin istehsalına və xaşxaşın məhvinə diqqət yetirməkdə israrlı idi, digər agentlər isə Cənubi Amerikadan kokain daşınmasının qarşısını almaqla məşğul idi. Bu, Trump administrasiyası üçün prioritet idi və fentanil nəzarəti faktiki olaraq arxa plana keçdi.

Son 10 ildə ABŞ-da 450 minə yaxın insan sintetik narkotiklərdən, ilk növbədə fentanil və metamfetamindən istifadə nəticəsində dünyasını dəyişib. Bu gün MKİ-nin əsas hədəfi Los Çapitosun lideri İvan Arçivaldo Quzman olaraq qalır. Onu ələ keçirmək üçün sonuncu cəhd fevralda olub, MKİ-nin dəstəyi ilə əməliyyata elit hərbi hissə cəlb edilib. İvan gizli tunellə qaça bilib və görünür, kimsə vaxtında ona xəbərdarlıq edib.  

Stopnarkotik.az