Restoranda hesab əvəzinə qızıl qolbaq verən şəxs həbs olundu

Bakıda məşhur restoranda yemək yeyib, hesabını qızıl qolbağı ilə ödəmək istəyən şəxslə bağlı poliasə şikayət olub. 

Hadisə Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsindəki "Hermes" restoranında baş verib. 

2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olan Seymur Vəliyev (ad-soyad şərti) restoranda yeyib-içdikdən sonra hesabı ödəmək istəyib, amma üzərindəki pul kifayət etməyib. O həmin məbləğin əvəzinə restoran əməkdaşlarına qızıl qolbaq təklif edib. Lakin restoran əməkdaşları qolbağı qəbul etməyiblər və aralarında mübahisə yaranıb. Nəticədə "Hermes" restoranın administratoru Seymur barəsində polisə şikayət edib. 

İçkili olduğundan Seymur Vəliyev polis əməkdaşları ilə də mübahisə edib. Saxlanılaraq məhkəməyə çıxarılan həmin şəxs peşman olduğunu bildirib. Qeyd olunanların nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edib. 

Məhkəmənin qərarı ilə Seymur Vəliyev İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 8 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib./"qaynarinfo"