Ərdoğan İsveçin NATO üzvlüyünə “yaşıl işıq“ yandırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokol imzalayıb.

Bu barədə prezidentin ofisi məlumat yayıb. Qeyd olunur ki, sənəd ratifikasiya üçün ölkə parlamentinə təqdim edilib. Bu məsələ ilə bağlı Böyük Millət Məclisinin nə zaman toplanacağı məlum deyil.

İsveç, eləcə də əvvəllər bitərəf olan Finlandiya 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin başlamasından az sonra NATO-ya üzv olmaq üçün müraciət edib. Finlandiya 2023-cü ilin aprelində Alyansa üzv olub. İsveçin üzvlüyünə isə Türkiyə və Macarıstan mane olub.

Ankara Stokholmdan İsveçdən siyasi sığınacaq almış kürd terrorçularının ekstradisiyasını, İsveçin ona qarşı tətbiq etdiyi silah embarqosunun ləğvini tələb edib. Bundan əlavə, Ərdoğan isveçli fəallar tərəfindən Quranın yandırılması və digər anti-İslam etirazları ilə bağlı hadisələri kəskin şəkildə pisləyib.

Bu ilin iyulunda o, ölkəsinin daha İsveçin birliyə qoşulmasına mane olmayacağını bəyan edib. Bu barədə bəyanatı o NATO-nun Vilnüs sammitindən əvvəl ABŞ Prezidenti Co Baydenlə söhbətindən sonra verib.

İsveçin NATO-ya daxil olması üçün onun müraciəti birliyin bütün üzvləri tərəfindən təsdiqlənməlidir. Hazırda NATO-ya 31 dövlət daxildir.