Ərdoğan irad tutdu, bu məşhur seriallar dayandırıldı: "DEHA", "Arka Sokaklar"... - FOTO

Türkiyənin Radio və Televiziya Ali Şurası ( RTÜK ) ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın seriallarla bağlı iradından sonra bəzi seriallarla bağlı qərar qəbul edib.

Stopnarkotik.az milli.az-a istinadən xəbər verir ki, RTÜK "Sahipsizler", "Yabani" ve "DEHA" seriallarının dayandırılması barədə qərar verib. Qurum uzun müddətdir yayımlanan "Arka Sokaklar" serialını yüksək məbləğdə cərimələyib.

Bu seriallar milli və mənəvi dəyərlərə hörmətsizlik və şiddət səhnələri səbəbindən cəzalandırılıb.

RTÜK sədri Ebubekir Şahin məsələ ilə bağlı açıqlamasında yayım prinsiplərinin tam tətbiq edilməsinin əsas vəzifələri olduğunu vurğulayıb.

"Arka Sokaklar" serialı son seriyasında yer alan təriqət səhnələrinə görə cəmiyyətin tənqid hədəfinə çevrilib və RTÜK tərəfindən cəzalandırılıb. Serialda "Mesut Komissar" obrazını canlandıran Şevket Çoruh isə bu qərarla bağlı sosial mediada paylaşım edərək "Mükafat sayıram" yazıb.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan çıxışlarının birində televiziya seriallarının cəmiyyətə düzgün mesajlar vermək əvəzinə şiddəti təbliğ etdiyini bildirərək bu hallara qarşı ciddi tədbirlərin alınmasının zəruriliyini ifadə edib.