Rusiya sülhməramlıları Azərbaycan ərazisindən çıxdı. Bəzi ekspertlər hesab edir ki, Avropa İttifaqının “müşahidə missiyası” adı altında Ermənistanda fəaliyyət göstərən kontingent də regionu tərk etməlidir. Rəsmi İrəvanın isə nəinki belə bir niyyəti var, əksinə missiyanın say tərkibini artırmaq istəyir.
Maraqlıdır, Qərbin “durbinli casuslar”ı Ermənistanı tərk edəcəkmi? Azərbaycan belə tələb irəli sürəcəkmi?
Stopnarkotik.az xəbər verir ki, mövzu ilə bağlı globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Azərbaycan ərazisindən Rusiya sülhməramlılarının çıxması ölkəmizin diplomatik uğurudur:
“Bu, çox böyük nəticədir. Baxmayaraq ki, müxtəlif spekulyasiyalar var idi və onların səlahiyyət müddətinin uzadılması istənilirdi, lakin bu baş tutmadı.
Artıq sülhməramlılar ərazini tərk edirlər. Buna görə bu gün Ermənistan-Azərbaycan şərti dövlət sərhədində yerləşən və sözün əsl mənasında kəşfiyyat məlumatları toplamaqla məşğul olan Avropa İttifaqının sülhməramlı missiyası da regionu tərk etməlidir.
Təəssüf ki, Ermənistan bu gün bu siyasi iradəyə sahib deyil. Əslində missiyanın Ermənistana gəlişi də İrəvanın azad iradəsinin təcəssümü kimi göstərilir. Lakin bu bir illüziyadır. Reallıq ondan ibarətdir ki, qərar Praqada verildi, İrəvan da buna boyun əydi.
Hesab edirəm, bu gün Rusiya sülhməramlılarına regionda ehtiyac yoxdursa, Ermənistandakı mülki missiyaya da əsla ehtiyac yoxdur. Sülh müqaviləsi imzalanmadan mülki missiya regionu tərk etməlidir”.