Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Stopnarkotik.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi davam etdirilib.
Təqsirləndirilən Cəlal Kazımovun vəkili Əli Adıgözəlov bildirib ki, sübutların qiymətləndirilmə cədvəlində Cəlal Kazımovun adına 2 milyon 521 min manat pul yazılıb: “Mən bütün səhifələri vərəqləmişəm, lakin bu məbləğin haradan çıxdığını bilməmişəm”.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə çıxışında müvəkkilinin də adına 18 milyon 674 min manat mənimsənilmiş pul yazıldığını deyib. Rəşad Mirmehdizadə bildirib ki, cinayət işi üzrə bütün yoxlama 2015-2020-ci illəri əhatə edib: "Biz bəzi məsələləri aydınlaşdırmaq üçün idarənin əvvəlki rəisi Namiq Poladov məhkəməyə gətirilməlidir”.
Daha sonra məhkəmədə təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları açıqlanıb.
Qeyd olunub ki, həmin əmlakların bir qismi hələ cinayət işi açılmamışdan əvvəl satılıb. Bir qismi də saxlanılan şəxslərin digər ailə üzvlərinin adına olan evlər, eləcə də yaxınlarına məxsus pay torpaqlarıdır.
C.Kazımovun vəkili Əli Adıgözəlov bildirib ki, 2022-ci ildə Hərbi Havva Qüvvələrinin sabiq komandanı Ramiz Tahirov müvəkkili barədə istintaqa mənfi xasiyyətnamə verib:
“Sabiq komandan Ramiz Tahirovla Cəlal Kazımovun arası yaxşı olmayıb. Ona görə də müvəkkilim 2020-ci ildən bu yana müharibə veteranı adını ala bilməyib. Müdafiə Nazirliyinin yeni xasiyyətnamə verməsini, müvəkkilimin işinə əlavə olunmasını xahiş edirəm.”
Nizami Məmmədovun vəkilləri isə məhkəməyə onun xidməti dövründə təltif olunduğu medallarının siyahısını təqdim ediblər. Generalın dəfələrlə Müdafiə Nazirliyinin yubiley və Vətən uğrunda medalları ilə təltif olunduğu bildirilib. Müdafiəçilər qeyd ediblər ki, Nizami Məmmədov 2020-ci ildə general rütbəsi alıb.
Daha sonra vəkillər Nizami Məmmədovun xəstəliyi ilə bağlı sənədləri məhkəməyə təqdim ediblər. Hakimlər Nizami Məmmədovun vəkilləri tərəfindən təqdim olunan sənədlərin cinayət işinə əlavə olunması ilə bağlı qərar qəbul ediblər.
Proses avqustun 30-da davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.