Bakı şəhəri, Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Stopnarkotik.az “oxu.az”a istinadən xəbər verir ki, minik maşını ilə "BakuBus"a məxsus 108A nömrəli marşrut avtobusu toqquşub.
Hadisə ilə bağlı açıqlama verən "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, yolun qarlı və sürüşkən olması səbəbindən avtobus yol kənarındakı dəmir maneəyə çırpılıb və çuxura düşüb:
"Bu gün, saat 08:10-da "BakuBus" MMC-nin istismarında olan 108A nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus Binəqədi rayonu ərazisində qəzaya uğrayıb.
İlkin araşdırmaya əsasən, yolların qarlı və sürüşkən olması səbəbindən avtobus yol kənarındakı dəmir maneəyə çırpılıb və çuxura düşüb. Hadisədən sonra nəqliyyat vasitəsini idarə edən sürücü - Alı Hüseynov nəqliyyat vasitəsinə baxış keçirdiyi zaman digər avtomobil tərəfindən vurulub.
Nəticədə sürücü ayaq nahiyəsindən xəsarət alıb. Hadisə ilə bağlı dərhal Təcili Tibbi Yardıma və hüquq-mühafizə orqanlarına məlumat verilib. Sürücünün vəziyyəti qənaətbəxşdir.
"BakuBus" MMC olaraq sərnişinlərimizin və sürücülərimizin təhlükəsizliyinin təmin olunması üçün qarlı hava şəraitində bütün zəruri texniki və operativ tədbirləri görməkdə davam edirik. Qarlı və buzlu yollar səbəbindən hər kəsi daha diqqətli və ehtiyatlı olmağa çağırırıq".