Qusarda qardaşının toyundan adam gətirən gənc qəza törətdi, bir nəfər öldü – TƏFƏRRÜAT

Qusar rayonunda yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan rayon sakini, 2002-ci il təvəllüdlü Bəhram Məmmədbəyovun cinayət işinə baxılıb.

Məlumata görə, o, idarə etdiyi “VAZ 2110” markalı avtomobillə Qusar rayonunun Yuxarı-Kalanxur kəndindən toy məclisində işləyən masadarları rayonun Kirig kəndinə aparmaq üçün yola düşüb.

Rayonun Həzrə kəndinin daxilində yol hərəkəti qaydalarını pozan sürücü sürət həddini aşıb. O, eyni istiqamətdə yolun sağ kənarı ilə hərəkətdə olan şəxsi vurub.

Nəticədə həmin şəxs aldığı xəsarətlərdən ölüb.

İstintaq orqanı tərəfindən Məmmədbəyovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhram Məmmədbəyov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, etibarnamə əsasında qardaşı Rəşad Məmmədbəyova məxsus avtomobili idarə edib:

“2024-cü ilin oktyabrın 27-də qardaşımın toy məclisi oldu, bununla əlaqədar rayonun Yuxarı-Kalanxur kəndində toy etdik. Toy məclisi üçün masadarları rayonun Kirig kəndindən gətirmişdim. Oktyabrın 27-də saat 19 radələrində toy məclisi bitdi. Saat 18 radələrində masadarları götürərək rayonun Kirig kəndinə aparmaq üçün avtomobillə yola düşdüm. Avtomobildə 5 nəfər ofisiant olub, arxa oturacaqda oturan masadarlar yatıb. Ön oturacaqda oturan Ramil adlı ofisiant oyaq idi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Həzrə kəndində avtomobillə saatda 60 kilometr sürətlə hərəkət edib, kəndin daxilində heç bir işıqlandırma olmadığı üçün yol zəif görünüb: “Qarşı tərəfdən ağ rəngli “Ford” markalı yük avtomobilinə bənzər avtomobil hərəkət edirdi. Avtomobil çox sürətlə yaxınlaşdı. İşıqları çox güclüydü, uzaqvuran işıqlar qoşulmuşdu. Arada 20-25 metr məsafə qalmış gözlərim anidən qamaşdı, yolu yaxşı görmədim. Göz qamaşması təxminən 2 saniyəyə qədər davam etdi. Qəfil yolun sağ kənarında, yolun hərəkət hissəsi ilə eyni istiqamətdə adi yerişlə hərəkət edən qara geyimli piyadanı gördüm. Dərhal əyləc pedalını sıxdım. Lakin məsafə az olduğu üçün avtomobili saxlaya bilmədim. Maşın piyadanı ön sağ hissəsi ilə vurub keçdi, piyada yoldan kənara düşdü.

Avtomobilimi sürərək 15 metr sonra yolun sağ kənarında saxladım. Aşağı düşüb təcili tibbi yardıma zəng elədik. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobili gəldi. Törətdiyim əməldən peşmanam”.

Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 3 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilib.

Təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.