Mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyasının ləğv olunduğunu elan edib. Rəsmi müraciətdə bildirilib ki, dünya ölkələləri karantindən stabil rejimə keçə bilərlər. Bununla belə, COVID-19 xəstəliyinin hələ yoxa çıxmadığı, infeksiyanın yayılma ehtimalının qaldığı diqqətə çatdırılıb.
Dünyada pandemiyanın ləğvinə baxmayaraq, Azərbaycanda xüsusi karantin rejimi davam etməkdədir. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, ölkəmizdə karantin rejimi iyul ayının 1-dək qüvvədə olacaq. Növbəti mərhələdə xüsusi karantin müddətinin uzadılıb-uzadılmaması hələlik məlum deyil.
Lakin dünyada pandemiyanın bitdiyi dönəmdə Azərbaycanda karantin rejiminin qalması və quru sərhədlərinin açılmaması məntiqli görünmür. Artıq ənənəvi hal alsa da, sərhədlərin nə vaxt açılması sualı aktual olaraq qalır.
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, ÜST-ün pandemiya statusunu ləğv etməsinə baxmayaraq, virusa yoluxmalar davam edir:
“Mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adano Qebreisus koronavirusun pandemiya statusunu ləğv edib, lakin xəstəlik qalmaqdadır. Virus durmadan mutasiyaya uğrayır. Bir çox ölkələrdə koronovirusa yoluxanların, ölənlərin sayı artır. Xəstəlik tam aradan qaldırılmayıb. Sadəcə koronavirus ölkələrin ictimai səhiyyəsinə təsir baxımından fövqəladə xarakter daşımır”.
Deputat Azərbaycanda COVID-lə bağlı ciddi məhdudiyyətlərin qalmadığını söyləyib:
“Xəstəliklə mübarizədə, onun təsirinin aradan qaldırılması istiqamətində ölkəmiz tərəfindən böyük işlər görülüb. ÜST-ə kifayət qədər maliyyə yardımı göstərilib. Vaksin məsələsində bir sıra ölkələrə yardımlar olunub. Eyni zamanda aprel ayında Operativ Qərargah bir çox məhdudiyyətlərin aradan qaldırıldığını elan edib. Xarici vətəndaşların hava nəqliyyatı vasitəsilə ölkəmizə giriş-çıxışına icazə verilib. Bundan əlavə, COVID-19 pasportu tələbi ləğv olunub. Təkcə quru sərhədləri məsələsi qalıb”.
K.Bayramov quru sərhədlərinin açılmamasının təhlükəsizliklə bağlı ola biləcəyini qeyd edib:
“Mən quru sərhədlərinin açılmasının əlamətlərini görmürəm. Bu sahədə atılacaq addım Operativ Qərargahın qərarından asılı olacaq. Hər hansı proqnoz yersizdir. Bunun sərhəd məsələsi olduğunu da nəzərə almaq lazımdır. Ortada təhlükəsizlik məsələsi ola bilər. Yəni bunu ölkənin təhlüksəziliyi məsələsi ilə bağlamaq olar. Ermənistanla aktiv hərbi əməliyyatlar fazasında olmasaq da, sərhəddə müəyyən təxribatlar ola bilər. Bundan əlavə, digər ölkələrlə sərhədlərdə təxribat törədilməsi ehtimalı istisna deyil. Ermənistanla şərti sərhəddə baş verən təxribatlar göstərir ki, həqiqətən də, ölkəmizin təhlükəsizliyinə kifayət qədər təhdidlər var”.
Parlamentari vurğulayıb ki, təhlükə yalnız Ermənistanla şərti sərhəddən gəlmir:
“Bizə qarşı təhlükə təkcə Ermənistandan gəlmir. Digər qüvvələr də var. Quru sərhədlərində kütlə axın zamanı təxribatlar törədilə bilər. Nəinki sərhədlərin açılması, digər nəhdudiyyətlərin tətbiqi və ya aradan qaldırılması Operativ Qərargahın səlahiyyətindədir. Təmkinli olub, Operativ Qərargahın müvafiq qərarlarını gözləməliyik. Mən belə düşünürəm”.
Xatırladaq ki, ÜST 30 yanvar 2020-ci ildə dünyada koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyət, martın 11-də isə pandemiya elan etmişdi.