"Qurdlar"ın sifarişi ilə VİP qətl - NARKOMAFİYA İŞ BAŞINDA - 2

Son vaxtlara qədər nisbətən sakit olan Ekvador narkomafiyanın qonşu Kolumbiyadan tranzit marşrutları uğrunda mübarizəsinə getdikcə daha çox cəlb olunur və onların qarşısını almağa çalışan siyasətçilərin “nazı ilə oynamırlar”. Keçən ay Manta şəhərinin meri, fevralda isə Puerto Lopes şəhərinin merliyə namizədi öldürüldü.

Sui-qəsd nəticəsində öldürülən prezidentliyə namizəd Fernando Vilyavisensio hədələr almışdı, lakin görülən təhlükəsizlik tədbirləri onu güllələrdən xilas edə bilmədi.

Vilyavisensionun qətlinə görə məsuliyyəti “Los Lobos” kriminal qrupu - "qurdlar" üstünə götürdü. Bu, Ekvadorun səkkiz minə yaxın üzvü olan ən böyük kriminal dəstələrindən biridir. Keçmiş jurnalist olan 59 yaşlı Fernando Vilyavisensio deputat idi və hökuməti mütəşəkkil cinayətkarlıqla əlaqədə ittiham edərək daim hakimiyyəti tənqid edirdi. Buna görə o, “Los Çoneros”dan təhdidlər almışdı, hansı ki, “qurdlar” vaxtilə bu qruplaşmadan qopmuşdu. “Los Lobos”un Meksikanın son illərdə güclənən narkokarteli “Xalisco New Generation Cartel”i ilə sıx əlaqələri var.

Seçkilərdə beş uşaq atası və səkkiz namizəddən biri olan Vilyavisensionun reytinqlərdə qalib gəlmək şansı yox idi, lakin seçkilərin ikinci turuna çıxmaq şansı var idi.

Narkokartellərin öhdəsindən gəlmək dövlət üçün get – gedə çətinləşir. Meksika təcrübəsi göstərir ki, ən sərt tədbirlərə baxmayaraq, mafiyanın təsirinin artmasını dayandırmaq mümkün deyil. Narkotik kartellərin bir-biri ilə, hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti qüvvələri ilə mübarizəsinin qurbanlarının sayı onlarla, yüzlərlə ölçülür. Bu perspektiv ekvadorluları qorxutmaya bilməz.

Stopnarkotik.az