“Qumar oyunlarını himayə edən məmurlar aşkara çıxarılmalıdır” - VƏKİL

Tural Həsənli: “Bunun qarşısı o halda alına bilər ki, mənbə müəyyən edilsin, həmin oyunları kim təşkil edirsə, üzə çıxarılsın, tədbir görülsün” 

Narkotik asılılığı probelminin çözülməsinə dəstək vermək məqsədilə fəaliyyət göstərən reabilitasiya mərkəzlərində hazırda qumar asılıları üstünlük təşkil edir. Qumarın şirnikləndirən tərəfinə baxsaq, görərik ki, siçan tələsində əsas faktor havayı pendirdirsə, qumarda “havayı və asan” pul qazancıdır. Bu, qumara qazanc ümidi gözü ilə baxan qurbanların mövqeyidir. Amma hazırkı qurbanlar bu tələyə sadəcə onlayn oyunlar zamanı düşmürlər. Qanunla tənzimlənən lotoreya tirajları, “Topaz” istisna olmaqla, qeyri-leqal qumar oynamaq cinayət hesab olunur.

Amma hər bir halda lotoreya və “Topaz”dan başqa, gizli məkanlarda “qumar partiləri” küçədə, meydanda olduğu kimi, açıq təşkil olunmur. Əksinə, əgər burada gizlilik və suç mövzudursa, deməli qeyir-leqal, hansısa şəxslərin səlahiyyətlərindən istifadə etməklə himayə etdiyi xüsusi yerlərdə təşkil olunan qumar oyunlarından söhbət gedir. Yəni narkoşəbəkə və onun təklif etdiyi məhsul-narkotik olduğu kimi, qumar şəbəkəsi və onun təklif etdiyi məhsul – qumar oyunudur. Hansı ki, müşahidələrimizə görə, qumarın nəticələri daha acınacaqlı, psixikaya vurduğu zərərlərin aradan qaldırılması daha ağır olur. Odur ki, vəkil Tural Həsənli ilə söhbətimizdə bəzi suallara cavab tapmağa çalışdıq.   

- Azərbaycanda son vaxtlar iqromanların (oyun asılılarının-red.) sayı narkomanların sayını ötüb. Sizcə, bu problemin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

- Məncə, belə şəxslər daha çox sosial şəbəkə vasitəsilə bu oyunlara qoşulurlar. Sosial şəbəkəyə çıxışları məhdud deyil, məhdud olmamalıdır. Sosial şəbəkəyə çıxışın məhdudlaşdırılması infotrmasiyadan istifadə etmək hüququnun məhdudlaşdırılması sayılır. Buna görə də sosial şəbəkə yolu ilə daxil olub oyunlarla məşğul ola bilirlər.

Bunun qarşısı o halda alına bilər ki, mənbə müəyyən edilsin, həmin oyunları kim təşkil edirsə, üzə çıxarılsın, tədbir görülsün. 

- Bir sıra reabilitasiya mərkəzlərində apardığımız müşahidələrə əsasən deyə bilərik ki, iqromanların böyük əksəriyyəti maddi imkanı yüksək olan şəxslər, xüsusilə də məmurlar, məmur yaxınlar, onların övladları, iş adamların övladları və şəxslərdir. Necə düşünürsünüz, bu prosesi hansısa şəkildə nəzarətdə saxamaq mümkündür?

- Hazırkı mərhələdə xeyr, bunu nəzarətdə saxlamaq mümkün deyil. Həmin şəxslərə qumar oyunları ilə məşğul olmağa görə qarşı, tutaq ki, sanksiya tətbiq etməklə, ya hansısa tədbir görməklə bunun qarşısını almaq mümkün deyil.

- Bu günlərdə Qazaxstanda qumar oyunları oynayan 24 vəzifəli şəxs məsuliyyətə cəlb edildi, 16-sı isə vəzifədən azad edildi. Azərbaycanda da qumar oynayan şəxslərin sayı həddən çox artıb və qeyd etdiyimiz kimi, bu şəxslərin içərisində məmurlar, onların ailə üzvləri də var. O da kimsəyə sirr deyil ki, bu proses əsasən gizli işlədilən qumarxanalarda baş verir. Gizli qumarxanalar isə müxtəlif məmurların himayəsi altında fəaliyyət göstərir. Necə düşünürsünüz, belə məmurlara qarşı nə kimi tədbirlər görmək lazımdır?

- Elədir, başqa cür mümkün deyil. Bunun üçün gərək həmin yerləri himayə edən məmurlar aşkara çıxarılsın. Aşkara çıxarılmadan, bilinmədən kiminsə adını hallandırmaq olmaz.

- Sizcə, bunun bir mexanizmi varmı? Yaxud hansısa bir yenilik təklif edə bilərsinizmi?

- Ümumiyyətlə, həmin faktın aşkara çıxarılması üçün həmin şəxsin himayəsi olan hərəkətləri müəyyən olunmalıdır. Bu məlumat olmadan kimlərinsə himayəçi olduğunu demək olmaz.

- Belə məmurların yüksək çinli olması onların qanun qarşısında cavab vermələrini də çətinləşdirir, çünki səlahiyyətlərindən sui-istifadə edirlər...

- Ümumiyyətlə, bəzi əməllər var ki, vəzifəli şəxslərə və fiziki şəxslərə münasibətdə qanunvericiliyin mövqeyi fərqli olur. Yəni həmin sanksiyadan kənara çıxmaq mümkün deyil, qanun qarşısında hamı bərabərdir. Belə bir hal yoxdur ki, indiyə kimi vəzifəli şəxsə sanksiya tətbiq olunub, cərimə tətbiq olunub və yaxud vəzifədən uzaqlaşdırılıb, bundan sonra da Məcəlləyə dəyişiklik edilmədən həmin şəxsə daha ağır cəza tətbiq olunsun. Qanunvericilikdə nə varsa, həmin sanksiya tətbiq olunmalıdır.

- Reabilitasiya mərkəzlərində apardığımız araşdırmaların nəticəsinə əsasən deyə bilərik ki, qumar asılıları daha çox intihar edirlər. Sizcə, burada başqa hansısa psixoloji amil rol oynayırmı?

- Ola bilər ki, qumar maddi cəhətdən onu çıxılmaz vəziyyətə salıb. Ola bilər ki, bütün əşyalarını satıb, son qəpiyinə kimi həmin məbləği qoyub qumar oyunlarına. Artıq son ümidi kəsilib deyə intihara əl atıb.    

- Dövlət qeyri-leqal qumar oyunlarına meylin qarşısını necə almalıdır? Prosesi necə görürsünüz?

-Meylin, istəyin qarşısını almaq mümkün deyil. Meylə, istəyə görə məsuliyyət yoxdur. İstənilən bir şəxs istənilən bir əməli törədə bilir. Cəhd mərhələsində hansısa bir əmələ görə sanksiya müəyyən edilə bilər. Sanksiya hazırlıqla bağlı ola bilər. İştirakçılıqla, köməkliklə bağlı ola bilər.

-Sizcə, maarifləndirmə ilə bunun qarşısını almaq olar?

-Ümumiyyətlə qumar elədir ki, təsadüfdən şəxslər pul qazanırlar. Hər kəs istəyər ki, az məbləğ sərf etməklə təsadüfdən daha çox məbləğdə pul qazansın. Hesab edirəm ki, maariflənmə bu sahədə özünü doğrultmaz.

- Bəs, sizcə çıxış yolu nədir? Nə təklif edə bilərsiniz?

- Çıxış yolu o ola bilər ki, bəzi oyunlarda leqallaşdırma olsun. Məsələn, lotoreyalarda iştirakla bağlı hər hansı bir məhdudiyyət yoxdur. Hər hansı bir şəxs lotoreya oynaya bilər. Lotoreya oynayıb uduza da bilər, ona görə hansısa bir məsuliyyət yoxdur. Yaxşı olar ki, bu sahədə bəzi oyunlarda leqallaşdırma olsun. Bütün növ qumar oyunlarına münasibətdə yox, bəzi oyunlar olsun ki, orada leqallaşdırma olsun. Onsuz da həmin əməli törətmək istəyən, təsadüfdən pul qazanmaq istəyən hansısa bir vasitə ilə orada iştirak edəcək. Azərbaycan Respublikasının ərazisi olmasa da gedib başqa yerdə oynayacaq.

- Əsaən, Gürcüstana gedirlər...

-Bəli, yaxşı olar ki, leqallaşdırma həyata keçirilsin, amma vergilər müəyyən olunmaqla, müəyyən ödənişlər təyin olunmaqla. Onsuz da oynamaq istəməyən oynamayacaq. Narkotiklə bağlı necədir? İstəməyən istifadə etməyəcək. Yəni o sahədə maarifləndirmə özünü doğrultmur.

- Siz dediklərinizi hansı sahəyə tətbiq etmək olar?

- Ümumiyyətlə, vətəndaşa münasibətdə onun çıxılmaz vəziyyətə düşmək məsələsi düşünülürsə, yaxşı olar ki, pul ödənişləri də bank yoluyla, kart ödənişləri vasitəsilə edilsin. Yaxşı olar ki, müəyyən limitlər olsun. Həmin limitlərə münasibətdə qazanca görə vergi tutulsun, oyuna icazə verilsin. Məsələn, mən istəsəm bank mənə hesab kartı yollasın, 20 000-dən çox pul daxil edə bilməyim. Qazanca münasibətdə vergi müəyyən olunsun. Leqallaşdırmaq daha yaxşı olar, nəyəsə qadağa qoymaq, qarşısını almaq bir məna ifadə etmir.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az