Qətlə görə İnterpola verilən azərbaycanlı Bişkekdə tutuldu

Rusiyada qətl törədən azərbaycanlı və bir rus Bişkekdə saxlanılıb.

Stopnarkotik.az lent.az-a istinadla bildirir ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərində Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin əməkdaşları xüsusi əməliyyat keçiriblər. Nəticədə Rusiyada ağır cinayət törətdiklərinə görə dövlətlərarası axtarışa verilmiş iki vətəndaş saxlanılıb.

Vətəndaşlar 24 yaşlı azərbaycanlı E.A. və 23 yaşlı rusiyalı İ.A. 36 yaşlı şəxsin qətlə yetirilməsi ilə bağlı cinayət işi üzrə dövlətlərarası axtarışa veriliblər. Cinayət işi Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar Dairəsi - Uqra üzrə istintaq orqanları tərəfindən araşdırılır.

Məlumatlara görə, 2024-cü il avqustun 28-nə keçən gecə Rusiya Federasiyasının Surqut şəhərində yuxarıda adı çəkilən şəxslər bıçaqla 36 yaşlı A.S-ya 100-dən çox xəsarət yetiriblər. Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində ölüb. Cinayətkarlar hadisə yerindən qaçıblar.

Əməliyyat məlumatında qeyd olunub ki, axtarışda olan şəxslər paytaxtın mikrorayonlarından birində kirayədə qaldıqları mənzildə gizləniblər.

Hazırda onların hər ikisi cəzaçəkmə müəssisəsindədirlər.