"Qrupda qalmaq uğursuzluq sayılmayacaq" - QURBAN QURBANOV

"Yaxşı müdafiə olunan komandaya qarşı oynadıq. Əfsuslar olsun ki, ilin son avrokubok oyununda məğlub olduq".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində bu "Elfsborq" klubuna 0:1 hesabı ilə uduzduqları VI tur oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

Mütəxəssis səfərə qələbə üçün yollandıqlarını bildirib: "Sonadək mübarizə apardıq. Sadəcə, futbol həm kobud, həm də kiçik səhvlərin üzərində qurulub. Ani diqqətsizlikdən qapımızda qol gördük. Futbolçularım bu il çox əziyyət çəkdilər. Artıq bu oyunu unudub, irəliyə baxmalıyıq. Daha da böyümək lazımdır. Builki avrokubok matçları bizim üçün yaxşı təcrübə oldu".

O, bütün oyunlarda müdafiəni öndə qurmaq istədiklərini söyləyib: "Bu gün öz prinsiplərimizdən əl çəkmədik. Hücuma daha çox diqqət ayırırdıq. Sadəcə, rəqib 10 nəfərlə yaxşı müdafiə olunurdu. Bir neçə epizodda bizi əks-hücuma yaxaladılar. Bu gün əsas hədəfimiz qələbə olduğu üçün daha çox hücum etməyə çalışırdıq".

Qurban Qurbanovun sözlərinə görə, qrupda qalmaq uğursuzluq sayılmayacaq: "Bundan əvvəl də uduzduğumuz oyunlar olub. Hər məğlubiyyət uğursuzluqdur. Buna baxmayaraq, pozitiv düşünmək lazımdır. Qruplarda iştirak etməsəydik, bunu uğursuzluq adlandırmaq olardı. Futbol elə səviyyəyə gəlib çatıb ki, hər an hər şey ola bilər. Bu, futbolun silinməyən qanunlarından biridir. Futbolda elə bir qayda yoxdur ki, hər il eyni səviyyədə olasan. Biz daha yaxşısını etməliyik. Futbolçuların, klubların yorulmuş halları olur. Bundan sonra güclü kollektiv formalaşır. Azarkeşləri başa düşürük. Bilin ki, bütün oyunlara istəklə çıxırıq. Bədbin düşünsək, özümüzə ziyan vurarıq".

Transfer məsələsinə də toxunan Q.Qurbanov əlavə edib: "Hər il komandaya yeni futbolçular cəlb etməyə çalışırıq. Bu, o demək deyil ki, mən digər oyunçuları göndərməliyəm. Bu gün iki aparıcı müdafiəçimiz - Kevin Medina və Bəhlul Mustafazadə zədə səbəbindən oynamadı. Bu cür matçlarda müdafiə xətti çox lazım olur. Mateus Silvanı neçə matçdır mərkəz müdafiəçisi kimi oynadıram. Çıxışından çox razıyam. Alınsa, komandaya bir neçə yeni futbolçu cəlb edəcəyik".