Trampın qurmaq istədiyi yeni dünya nizamında əsas söz nə Rusiyanın, nə də Ukraynanın olacaq
Beynəlxalq mətbuatda Rusiya-Ukrayna müharibəsinin ABŞ-nin yeni prezidenti Donald Tramp tərəfindən necə, hansı üsullarla durdurulacağı və sülh sazişi əldə olunacağı barədə təhlillər aparıldığı bir vaxtda Rusiya Prezidenti Vladimir Putin ordunun yüksək çinli zabitləri ilə keçirdiyi müşavirəsində sülhə getməyəcəyinin mesajlarını verdi. Bu müşavirə zamanı Müdafiə naziri Andrey Belousovun çıxışı da Putinin istəklərini təsdiq etdi.
Putinin müşavirədəki çıxışından belə anlaşıldı ki, Kreml müharibənin qeyri-müəyyən vaxtadək davam etdirilməsinə meyllidir.
O, Qərbi ittiham edərək köhnə sözlərini təkrarlayıb və deyib ki, on ildir Ukraynada legitim hakimiyyət yoxdur və “biz Ukrayna xalqına qarşı yox, rejimə qarşı vuruşuruq”. Bu bir daha göstərir ki, Putin müharibəyə haqq qazandırmaq üçün üç ildir hər şey uydurub danışır...
Putin həmçinin söyləyib ki, ”Oreşnik” Qitələrarsı Ballistik Raketinin çoxsaylı istehsalına başlanılacaq. Görünür ki, bu raketlərə nüvə başlığı taxmadan istifadə etmək qərarına gəliblər. Kreml rəhbərinin danışdıqları kütləyə hesablanıb, çünki “Oreşnik” raketinin bir ədədi təxminən 80-100 milyon dollara başa gəlir və o, top mərmisi deyil ki, kütləvi istehsal olunsun. Bu raketin birinin hazırlanması ən yaxşı halda aylar çəkir. Nüvə başlığı taxmadan istifadə edilən bu cür raketlərin hədəfi vurma xətası bir kilometrdən də uzaq ola bilər. Deməli, bu raketin konvensional formada istifadəsinin hərbi əhəmiyyəti yoxdur.
Digər yandan, Belousov çıxışında bildirib ki, yaxın on illikdə Avropada NATO ilə qarşıdurmaya hazır olmaq lazımdır. Rusiya rəhbərliyinin sözlərindən aydın olur ki, onlar müharibəni uzatmağı və daha artıq ərazi işğalını planlayırlar. Əgər Vladimir Putin Suriyada baş verənlərdən ibrət dərsi götürməyərək, hələ də özünü güclü strateq sayırsa və səhv etmədiyini zənn edirsə,deməli, Rusiya dəhşətli gələcəyə qədəm qoyacaq...
Donald Tramp isə bu müharibə ilə bağlı hansı tədbirləri görəcəyi barədə hələ ki, konkret heç nə söyləməyib. O, indiyədək yalnız bir-birini radikal şəkildə təkzib edən fikirlər səsləndirməklə yadda qalıb. Ola bilər Tramp 20 yanvar 2025-ci il tarixinə kimi qəsdən bu cür dolaşıq və çaşdırıcı taktika seçib.
Ancaq buna baxmayaraq, Donald Trampın “Time” dərgisinə verdiyi müsahibədən aydın olur ki, o, Ukrayna ilə Rusiya arasındakı sülhü heç bir tərəfin yox, məhz özünün düşündüyü formata uyğun görmək istəyir. Ancaq burada Ukrayna yalnız buraxılmayacaq.
Putin üçün pis xəbər Trampın bu müharibəyə daha qlobal çərçivədə baxmasıdır. Yəni necə? Trampın düşündüyü plana əsasan əgər ABŞ qlobal hegemondursa, onda məhz o müəyyən oyun qaydaları və nizam sistemi qurmalıdır, digərləri də bu qaydalara riayət etməlidir. Putinə isə əksinə, qaydasızlığın normaya çevrilməsi sərf edir. Bildiyimiz kimi, Rusiyanın Ukraynaya qarşı işğalı 2014-cü ildən Krımın ilhaqı ilə başlayıb. Həmin hadisəyə qədər İkinci Dünya Müharibəsindən sonra Avropada hər hansı ölkə digərinin suveren ərazisinə soxulmamışdı. Keçmiş Yuqoslaviyada 1992-1995-ci illər arasında yaşanan qanlı hadisələri isə yalnız ölkənin parçalanmısı kimi dəyərləndirmək olar. Beləliklə, Rusiya hələ on il öncədən Avropa qitəsinin dinc həyatına müdaxilə etmiş, ümumi vahid nizam sistemini pozmuşdu. Lakin həmin vaxt ABŞ Prezidenti olan Barak Obamanın davranışları və tutduğu siyasi xətt Putinin iştahını daha da artırdı. O, gördü ki, ABŞ başda olmaqla Qərb dünyası özlərinin on illərlə qoruduğu nizam qaydasının arxasında durmaqdan qaçır. Burada söhbət təkcə Ukraynanın müstəqilliyindən yox, Barak Obamanın “regional güc”adlandırdığı Rusiyanın dünya sisteminə meydan oxumasından gedirdi.
Putin özünün cəzasız qaldığını görüb 2015- ci ildə Suriyaya girdi, ”Vaqner” hərbi qrupunu yaratdı və başladı Afrikada ABŞ-nin maraq dairələrinə qarşı mübarizə aparmağa. Güclü iqtisadi və texnoloji bazası olmayan Rusiyanın 2014-ci ildən ABŞ və onun NATO müttəfiqi Avropa ilə ultimativ dillə danışsa da, buna ciddi reaksiya verilmədi. Bu müddət ərzində isə Qərb mətbuatı mütəmadı şəkildə Rusiya ordusunun yüksək hazırlıq səviyyəsindən və silahlarının modernləşməsindən yazdı. Elə bil ki, Rusiya ordusunu tərifləməklə, onun qüdrətindən, sarsılmazlığından söz salmaqla Kremli bunun həqiqət olmasına inandırmağa çalışıblar. Əgər son on ilin beynəlxalq KİV-lərinə nəzər salsaq belə təsəvvür yaranar ki, kimlərsə düşünülmüş siyasətlə Vladimir Putini və ətrafını qəsdən hərbi müdaxiləyə həvəsləndirib.
Rusiyanın dünyanın ikinci ən güclü silahlı qüvvələrinə malik olmasına az qala hamını inandırmışdılar. Ancaq maraqıdır, görəsən Putin, Şoyqu, Patruşev və digərləri möhtəşəm və yenilməz orduya sahib olduqlarına doğrudanmı inanıblar? Rusiyanın böyük siyasi sələfi SSRİ-nin Əfqanıstan avantürasının üstündən heç 50 il də ötməyib. Bəlkə, Çeçenistan və Gürcüstanla apardıqları müharibəni qəhrəmanlıq səlnaməsi hesab edirlər? Suriyadakı hadisələrdən aydın olur ki, Kremlin siyasi korafəhmliyinin acı nəticəsi özünü gec də olsa mütləq göstərəcək.
Yəqin Kreml əvvəl Ukraynanı əzəcəyi, sonradan isə Baltik ölkələrini, Moldavanı öz caynağına keçirə biləcəyi xülyasına düşmüşdü. Əslində, hadisələrin gedişinə baxanda Qərbin buna qəsdən imkan verməsini sezmək olurdu. Bunu dərk edən analitiklər həmişə qeyd ediblər ki, bəlkə də ortada Qərblə Rusiya arasında öncədən danışılmış gizli razılaşmalar var. Əlbəttə, bu cür şübhələr əsassız sayılmamalıdır, çünki təbliğatı bir yana qoysaq, Rusiyanın real imkanlarının zəif olması ABŞ-nin analitik mərkəzlərinə yaxşı bəllidir. Amma bu razılaşma proseslərin qızğın çağında pozula da bilər. Konspiroloji nəzəriyyəyə mübtəla olmadan deyə bilərik ki, arxa planda nələrinsə baş verməsi istisna edilməməldir.
Zaman kimin daha güclü oyunçu olmasını üzə çıxaracaq. Bütün tarix boyu güclü tərəf zəifi öz məqsədləri naminə oynadıb. Putinin çoxgedişli siyasi fəndgirliyinə baxmayaraq, bu müddət ərzində Rusiya Ukraynadan gözlədiyini əldə edə bilməyib, hətta üstəlik Suriyada rüsvayçı məğlubiyyətə uğrayıb. Bundan sonra onun yanından “qlobal cənub” adlandırılan müttəfiqləri də çəkiləcəklər. BRİCS ölkələri isə Donald Trampın dollarla bağlı bəyanatından sonra səslərini kəsbilər.
Dünyanın müasir iqtisadi-maliyyə sistemi m ABŞ-dən idarə olunur. ABŞ Donald Tramp vasitəsilə dünya nizamının necə və hansı platforma üzərindən yenilənməsi layihəsinin məhz onun rəhbərliyi altında gedəcəyinin siqnalını verir. Rusiyanın on ildir ki, özbaşına və razılaşdırılmadan meydana atılması, nüvə dəyənəyini yellətməklə ABŞ və Avropanı təhdid etməsi və tələblər irəli sürməsi kinayə ilə qarşılanır.
İyirminci əsrdə iki böyük müharibə baş verib və bu müharibələrdən çıxan ümumi nəticə belədir ki, resursu daha az olan tərəfin məğlubiyyəti qaçılmazdır. Axı, qüvvələr nisbəti deyilən məfhum var və müəyyən zamandan sonra bu nisbətin ağır yükünü daşıya bilməyən tərəf çökür. Görünür, Kremldə anlamırlar ki, taqətdən salma taktikası Qərb dünyasının qoşulmasıyla yeni müstəviyə adlayır və bu müstəvidə Rusiya müharibənin yükünü çəkə biləcək vəziyyətdən xeyli uzaqdır. Həm də ki, müharibə uzandıqca yeni sürpirizlərə də hazır olmaq gərəkdəir.
Məsələn, ukraynalı tanınmış jurnalist Dmitri Qordon deyib ki, Rusiya üçün tezliklə vahiməli xəbərin səslənəcəyi gözlənilir. Bu, heç də Donald Trampın müharibə ilə bağlı Ukrayna leyhinə qərar verəcəyi deyil. Qordonun sözlərinə görə, Ukrayna hərbi sənayesi Qərb tərəfdaşlarının yardımı ilə uzaq mənzilli raketlər hazırlayıb və bunların içərisində 2000 kilometrədək məsafə qət edə biləcək ballistik raketlər də var. O, həmçinin söyləyib ki, raketlərin sayı yetəri qədərdir və yaxın günlərdə bu barədə rəsmi məlumat veriləcək.
Bunun nə qədər həqiqət olmasını zaman göstərəcək. Əgər bu məlumt həqiqətdirsə, onda proseslər daha da gərginləşəcək və Rusiyanın dərinliklərində yerləşən silah və barıt istehsal edən müəssislərinə dağıdıcı zərbələr vurulacaq. Deyilənlər reallaşarsa, Rusiya ordusunun təchizat sistemi iflic hala düşər.
Əfqanıstan və Suriya avantürası ilə müqayisədə Rusiyanın NATO ilə qarşıdurmaya girməsi intihara bərabərdir. Əfqanıstan və Suriya Rusiyadan xeyli uzaqlarda olan məmləkətlərdir. Ukrayna isə qonşudur və hələ üstəlik müharibə Rusiyanın öz ərazisində, Kursk vilayətində də gedir. Əgər Rusiya mənasız işğal siyasətini yerə qoymazsa, onu fəlakətli sonluq gözləyir.../azpolitika.info