Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Qərbi Azərbaycana qayıdış planına qarşı məkrli addım” adlı süjetdə Ermənistanda de-fakto fəaliyyətə başlamış Repatriasiya və İnteqrasiya Mərkəzinin bu il iyulun 27-də rəsmi açılış mərasimində baş nazir Nikol Paşinyanın Ermənistana daha çox insan qayıtması ilə bağlı açıqlamalarına yer verilir.
Bildirilir ki, mərkəz repatriantlara pulsuz erməni dili kursları, inteqrasiya və tədris seminarları, müxtəlif onlayn və oflayn tədbirlər keçirəcək, məlumat, şəbəkələşmə və potensial işəgötürənlərlə əlaqə və s. istiqamətlərdə yardım edəcək.
Qeyd olunur ki, əvvəllər Ermənistana ermənilər Suriya və Livandan köç edirdisə, 2021-ci ildən etibarən Rusiyadan qayıdanlar çoxalıb:
“Repatriant müxtəlif səbəblərdən ölkəsini tərk edib, yenidən vətənə qayıdanlara deyilir. Ancaq Suriya, Livan, Rusiyada olan ermənilər bu kateqoriyaya daxil edilə bilməz. Ermənistan hakimiyyəti qanun qəbul edilməsə də onların repatriant adı ilə ölkəyə gəlməsinə və vətəndaşlıq verilməsinə başlayıb. Məlumata görə, 2022-ci ildə 25 min erməniyə repatriant statusu verilib. Onlardan 19 mininə Ermənistan vətəndaşlığı verilib”.
Diqqətə çatdırılır ki, Ermənistan dünyanın müxtəlif ölkələrindən erməniləri “repatriant” adı ilə ölkəyə köçürür:
“İndi ehtimal etmək olar ki, bunları Qərbi Azərbaycan ərazisində yerləşdirməyi planlaşdırırlar. Çünki qərbi azərbaycanlıların qovulduqları ərazilərin çoxunda yaşayış yoxdur. Kəndlərdə bir neçə yaşlı sakinə təsadüf etmək olar. Qərbi Azərbaycan türklərinin ev-eşikləri ya dağıdılıb, ya da baxımsızlıqdan uçub”.
Süjetdə vurğulanır ki, Ermənistanda “Repatriasiya haqqında” qanun qəbul edilərsə, bu, ilk növbədə Qərbi azərbaycanlılara şamil edilməlidir:
“Çünki onlar bu yerlərin qovulmuş, vətəndaşlıqdan zorla məhrum edilmiş əsl sahibləridirlər. Ona görə də Ermənistanda bu məsələni ört-basdır etmək üçün “Repatriasiya haqqında” qanunu qəbul etmirlər. “Repatriant” adı ilə yerləşdirilənlər isə Qərbi azərbaycanlıların vətəndaşlığını və onların torpaqlarını mənimsəyirlər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: