"Qələbəyə gətirən İlham Əliyevin siyasətini seçmək ukraynalılar üçün ən düzgün yoldur” - Zahid Oruc

Şuşa şəhərində Azərbaycan - Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumu öz işinə başlayıb.

Forum iki ölkədən 15 beyin mərkəzi və akademik institutun nümayəndələrini bir araya gətirir. Forumda Azərbaycan və Türkiyənin xarici siyasətindəki əsas trendlər və əməkdaşlıq imkanları, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiya perspektivləri, ikitərəfli əməkdaşlıqda nəqliyyat-kommunikasiya və enerji tərəfdaşlığı amilləri əsas müzakirə mövzularıdır. Forumda STM sədri, millət vəkili Zahid Oruc iştirak edib. Millət vəkili çıxışında Ukrayna ətrafında baş verənlərə toxunub:

"Son günlər qlobal beyin mərkəzlərinin gündəliyində əsas məsələ Ukraynaya təklif olunan Tramp sülh planıdır. Chatham House analitikləri sənədi “çox güclü təzyiq” adlandırıblar, Council on Foreign Relations (CFR) isə metaforadan istifadə edərək, onu “Faust müqaviləsi” sayıblar, yəni qısa müddətdə atəşkəs qazanırsan, strateji olaraq, məğlubiyyətə məhkumsan, necə ki, Britaniya və Fransa Hitlerə Sudeti vermişdilər. American Progress adlı beyin mərkəzi planı “Kremlin tələblərini diplomatik qablaşdırma” kimi təsbit edib, Foreign Policy isə “ya şərəf, ya da böyük müttəfiqin itirilməsi” olaraq, dəyələndirib.

Lakin Şuşadan - 30 il işğal altında qalan və indi azad bir torpaqdan bizim verdiyimiz mesaj qəhrəman ukraynalılara yol göstərən İlham Əliyevin sözlərini xatırlatmaqdır. Dövlət başçısı 2025-ci ilin martında Euronews-a müsahibəsində uzaqgörənliklə deyirdi, sitat: ”Qlobal sistemdə ölkələr heç kimə tam güvənməməlidir. Əgər həmişə yardıma bağlı olsan, suverenliyinin bir hissəsini itirirsən... Çünki kimdənsə asılısınızsa və yardım istəyirsinizsə, bir gün gəlib hesabat istəyəcəklər”.

Bəli, ölkə rəhbəri hər zaman olduğu kimi, tamamilə haqlıdır. Bolqarıstanın ərazisinə bərabər, yəni, 110 min kvadrat kilometr torpağını Rusiyanın işğalına, yeraltı sərvətlərini isə ABŞ-yə təslim edən Ukrayna üçün Ulu öndər xilaskarlığı, daha sonra itirilən torpaqları uğrunda çoxillik strategiya gərəkdir. Azad torpaqlardan səsləniş odur ki, qlobal toqquşmalar üçün platsdarma, forposta çevrilməyən və demokratiya adı altında xarici üsul-idarələrin, 3-cü paytaxtların diqtəsinə tabe olmayan Ulu öndər Heydər Əliyevin və Qələbəyə gətirən İlham Əliyevin siyasətini seçmək ukraynalılar üçün ən düzgün yoldur”.

Stopnarkotik.az