“Qızılca ona görə çoxalıb ki...” - Həkim-terapevtdən şok ittiham

Azərbaycanda qızılcaya yoluxmadan ilk ölüm faktından sonra TƏBİB açıqlama verdi ki, dünyasını dəyişən 4 yaşlı uşaq peyvənd olunmayıb. Bundan əvvəl Səhiyyə Nazirliyinin bir mütəxəssisi valideynləri övladlarını peyvəndlənmə prosesindən yayındırmasını bildirmişdi. O hətta buna görə böyüklərin məsuliyyətə cəlb edilməsini də təklif etmişdi.

Stopnarkotik.az xəbər verir ki, yenisabah.az-a danışan həkim-terapevt Məlahət Abbasova peyvəndlənmə prosesinin nə qədər vacib olduğunu açıqlayıb:

“Peyvəndlənmə mütləqdir. Çünki heç kim bu kimi təhlükəli viruslardan özünü sığortalamayıb. Peyvənd passiv virusun bədənə yeridilməsidir. Bu proses bədəndə hər hansı xəstəlik yaratmır. Əksinə olaraq, peyvəndlənmə insan orqanizmini viruslara qarşı gücləndirir. Uşaqlar doğulanda və müəyyən yaş aralıqlarında peyvənd olunur ki, onlarda bir sıra xəstəliklərə və viruslara qarşı immunitet yaransın. 

Beləliklə, orqanizm həmin mikrobu tanıyır və onunla nə tərzdə mübarizə aparacağını bilir”.

“Əvvəllər yeni doğulan uşaqlara çiçək xəstəliyinə qarşı peyvənd vurulurdu, - deyə M. Abbasova əlavə edib. – İndi bu xəstəlik qeydə alınmadığından, hepatit-b virusuna qarşı peyvənd vurulur.

Əgər uşaq sağlam doğulubsa, bütün peyvəndlər vaxtında ona vurulmalıdır. Uşağa sağlamlığına, doğulma müddətinə görə bir sıra peyvəndlər vurula bilər. Ancaq uşaq nevroloji problemlə dünyaya gəlibsə, bədən çəkisi normadan azdırsa, və s. bu zaman uşağın normal vəziyyətə gəlməsini gözləyirlər”.

Həkim-terapevt qızılca virusunun geniş yayılmasının əsas səbəbini də vurğulayıb:

“Qızılca çox ağır xəstəlikdir. Bəzən ağırlaşanda hətta insan kor ola bilər. Uzun müddətdir ki, bu xəstəlik ölkəmizdə qeydə alınmırdı. Hazırda bu qədər çoxalmasının səbəblərindən biri həkimlərin virusa yoluxanlara dəqiq və vaxtlı-vaxtında diaqnoz qoymamasıdır. 

Uşaq səpir və qızdırması olur. Lakin ona allergiya diaqnozu qoyurlar. Belə olan halda uşaq məktəbə gedir və xəstəlik məktəbdə hava-damcı yolu ilə yayılmağa, çoxalmağa başlayır”.