Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri ilə təlim atışları icra edilib.
Bu barədə Stopnarkotik.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilib.
Müəyyən edilmiş marşrutlar üzrə döyüş manevrləri yerinə yetirildikdən sonra Su-25ML tipli təyyarələrdən 250 və 500 kiloqramlıq qanadlı ağıllı aviasiya bombaları ilə yerüstü hədəflərə uzaq məsafədən atəş açılıb.
Hərbi pilotların döyüş hazırlığının inkişaf etdirilməsi məqsədilə keçirilən təlim atışlarında təyin edilmiş hədəflər dəqiq aviasiya zərbələri ilə uzaq məsafədən məhv edilib.
Qeyd edək ki, bu il iyulun 26-da Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin TUSAŞ şirkəti arasında “Su-25 modernləşdirmə layihəsi müqaviləsinin imzalanma mərasimi” keçirilib. “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən imzalanma mərasimində Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və digər rəsmilər iştirak ediblər. Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin inteqrasiyası və onların avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirilməsidir. Məhz layihə çərçivəsində Azərbaycan və Türkiyə Su-25 ML hücum təyyarələrini modernizə edib, ona "Laçın" adı verilib.