Qəbələdə toyda kütləvi zəhərlənmə: 55 NƏFƏR XƏSTƏXANALIQ OLDU - YENİLƏNİB-2

Kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, avqustun 15-də Qəbələ şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

***11:28

15.08.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər (21 kişi, 34 qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Bu barədə TƏBİB-dən bildirilib.

51 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 3 nəfərin (1 kişi, 2 qadın olmaqla) müalicəsi Yoluxucu xəstəliklər şöbəsində davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 1 nəfərin isə (qadın cinsli) müalicəsi Təcili yardım şöbəsində davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.

***10:31

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.

***09:58

Qəbələ rayonunda kütləvi zəhərlənmə olub.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, gecə saatlarından etibarən rayonun müxtəlif kəndlərindən olan 40 nəfərə yaxın şəxs zəhərlənmə diaqnozu ilə tibbi xidmətə müraciət edib.

Onların hamısının dünən eyni şadlıq sarayında keçirilən toyda iştirak etdikləri məlum olub. Xəstəxanaya müraciət edənlər arasında azyaşlılar da var.

İlkin məlumata görə, sakinlər toyda yedikləri qidadan zəhərləniblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.