Qəbələdə sahibkarı şantaj edən zabitin cəzası azaldıldı

Şəki Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilən Anar Səmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin 7 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib və onun cəzası 5 ilə endirilib.

İttihama görə, Anar Səmədov Qəbələ Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət edib. O, çalışdığı müddətdə 2021-ci ilin yay aylarında sahibkar S.M.-i (ad, soyadı şərti) şantaj edərək ondan 1000 manat pul tələb edib. Daha sonra təqsirləndirilən şəxs S.M.-dən 14 avqust 2021-ci tarixdə 220 manat məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçirib./pravda.az