Qazaxda mina partladı - 4 NƏFƏR YARALANDI

Avqust ayının 2-də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı 19 aprel 2024-cü il tarixdə əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti və Minatəmizləmə Agentliyinin (ANAMA)birgə məlumatında bildirilib.

Hadisə nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu gizir Əhədli Xəyal Ədinəqulu oğlu və Minatəmizləmə Agentliyinin əməkdaşı Mehdizadə Afiq Müşviq oğlu minatəmizləmə işləri zamanı xidməti vəzifələrini icra edərkən piyada əleyhinə mina partlayışı nəticəsində ayaq nahiyəsindən xəsarət alıblar.

Agentliyin əməkdaşları Ələkbərov Elçin İlham oğlu və Mirzəyev Yavər Gəray oğlu isə qəlpə yaraları alıblar.

Xəsarət alan şəxslər ilkin tibbi yardım göstərilməklə dərhal xəstəxanaya çatdırılıblar. Həyatları üçün təhlükə yoxdur.

Hazırda Şəmkir hərbi və Qazax rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalistin iştirakı ilə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır.