Qazaxda ağır qəza: avtomobil divara çırpıldı, ÖLƏNLƏR VAR - YENİLƏNİB-1

İyun ayının 5-də saat 03 radələrində Qazax rayonu, Abbasbəyli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, ilkin araşdırmalara əsasən, “BMW” markalı minik avtomobili hərəkətdə olarkən sürücü  idarəetməni itirmiş və avtomobil yol kənarındakı divara dəyib. Nəticədə nəqliyyat vasitəsində olan dörd nəfər - 28 yaşlı Ramal Vəliyev (sürücü), 25 yaşlı Zaur Əhmədov, 28 yaşlı Rafət Nəbiyev və 21 yaşlı Göyüş Nəbiyev hadisə yerində həyatlarınnı itiriblər.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Qəzanın başvermə səbəblərinin araşdırılması məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar davam etdirilir.

***09:03

Qazaxda yol qəzasında ölən 4 nəfərin meyiti avtomobildən çıxarılaraq adiyyəti üzrə təhvil verilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Abbasbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BMW markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb və 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***08:38

Qazaxda 4 nəfərin ölümü ilə nəticələn ağır yol qəzası olub.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndinin mərkəzində baş verib. Belə ki, yüksək sürətlə hərəkətdə olan "BMW" markalı minik maşını idarəetmədən çıxıb.

Nəticədə minik maşını yol kənarındakı divara çırpılıb.

Ağır qəza zamanı 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən dünyasını dəyişiblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.