“Qaytarılan hərbçilərin müalicəyə ehtiyacı yoxdur” - Ermənistan səhiyyə naziri

Azərbaycanla qarşılıqlı mübadilə yolu ilə Ermənistana qaytarılan erməni hərbi qulluqçuların tibb mərkəzlərində müalicəyə və əlavə müayinələrinə ehtiyac yoxdur.

Stopnarkotik.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Anait Avanesyan bildirib.

Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər.

Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən, 13 dekabr 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Təhvilvermə prosesində hər hansı insident baş verməyib.

Xatırladaq ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.