Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda ildırım sürəti ilə həyata keçirdiyi antiterror tədbirlərindən sonra çoxları - “ Qan tökülməsinin qarşısı alına bilərdimi?” - sualını verir.
Stopnarkotik.az “Caliber”a istinadən xəbər verir ki, məlum olduğu kimi, 10 noyabr 2020-ci ildə Üçtərəfli Bəyanatın imzalanmasından sonrakı ilk dəqiqələrdən Bakı Qarabağ bölgəsinin erməni sakinlərinin öz cəmiyyətinə reinteqrasiyası üçün hər cür səy göstərəcəyini bəyan edib. Bakı açıq şəkildə bildirib ki, Qarabağ ermənilərinin bütün hüquqları Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin olunacaq. Lakin İrəvanda və bəzi digər paytaxtlarda bunu başqa cür başa düşüblər.
2020-ci ildə hərbi əməliyyatların aktiv fazasının dayandırılmasından dərhal sonra Ermənistan öz “Şirak” diversantlarını Azərbaycan ərazisinə göndərib, qoşunlarının və ağır texnikasının qalıqlarını çıxarmaqdan imtina edib, Azərbaycana qarşı mina terroru həyata keçirməyə başlayıb. Azərbaycanın Qarabağ bölgəsində Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti məsuliyyət zonası silahla doldurularaq, Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyəti mütəmadi olaraq Laçın yolu ilə rotasiya həyata keçirib. Bundan başqa, Azərbaycanın faydalı qazıntılarının qanunsuz istismarı davam edib. Xankəndidəki qeyri-qanuni xuntanın nümayəndələri isə özlərini elə aparıblar ki, sanki İkinci Qarabağ müharibəsində məğlub olan onlar deyil.
Bütün bunlara baxmayaraq, Azərbaycan hakimiyyəti Ermənistanı ədalətli şərtlərlə sülh sazişi imzalamağa inandıraraq onunla danışıqları davam edib. Lakin Paşinyan və onun hökuməti vəziyyəti öz xeyrinə dəyişmək ümidi ilə vaxt uzatmağa davam edib.
Sentyabrın 19-na keçən gecə 7 nəfərin ölümü ilə nəticələnən terror aktları isə Bakının səbrini daşırdan son damla olub.