“QARABAĞ PROBLEMİ ARTIQ HƏLL OLUNUB” – “Bu “hamilələyin daha 9 ay uzadılması mənasız idi”

"Qarabağ Ermənistan deyil, müstəqil deyil, Azərbaycan deyil, bəs nədir?!"

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci il dövlət büdcəsinin düzəliş edilmiş variantının müzakirəsində “artsax” məsələsini qaldıran müxalif deputatara cavabında deyib. O, Qarabağ problemini hamiləliklə müqayisə edib. Problemin artıq həll olunduğunu deyən Paşinyan, israrla bildirib ki, “hamiləliyin” daha 9 ay uzadılması mənasızdır.

“Çünki insan 9 ay hamilə qala bilər, 9 aydan sonra nəsə baş verməlidir, ya körpə doğulmalı, ya da doğulmamalıdır. Doğulmasa, çox güman ki, daşıyıcının ölümünə səbəb olacaq, ya təbii yolla, yada da qeysəriyyə əməliyyatı ilə ya diri, ya ölü, ya oğlan, ya da qız doğulacaq... Bu hamiləliyi daha 9 ay uzatmağımız, üzr istəyirəm, absurd yanaşmadır,” – hökumət başçısı bildirib.

Paşinyan özünə sual verib: 2019-cu ildə nə baş verdi? Qarabağ məsələsində apardığı siyasət düz idi, yoxsa yanlış?

Baş nazirin sözlərinə görə, əgər Qarabağ məsələsinin həllini yenə gecikdirərdisə və ya onun təbirincə desək, əkizlərlə şərti hamiləliyi daha 9 ay uzadardısa, o zaman həmin siyasət yanlış sayıla bilərdi.

Paşinyanın qənaətinə görə, onun siyasəti düzgün və ya yanlış deyil, dövlətə sahib olmaq şansı verən yeganə mümkün variant idi. Buna görə də, bu şansdan necə istifadə edəcəklərindən çox şey asılıdır.

“Mən 2 il əvvəl bu kürsüdən elan etdim ki, əgər biz dövlətçiliyimizi 1-2 il saxlaya bilsək, deməli, növbəti əsrdə dövlətimizin olması üçün real imkan yaradırıq. Burada qeyd etməliyəm ki, orta müddətli perspektivdə bizim köhnə və strateji problemimiz həll olunub. Ancaq bir saniyə belə sayıqlığımızı azalda bilmərik”, - deyə Baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, 2 il əvvəl mövcud olan çağırışların əhəmiyyətli bir hissəsi idarəolunan hala gəlib, lakin yeni çağırışlar meydana çıxıb, onları idarə etmək üçün “şəhid vermək”, “milli ordu düsturlarını” aradan qaldırmaq lazımdır. Dövlət üçün daha möhkəm dayaqları qurmaq üçün yeganə vəzifə öz ərazisində öz vətəndaşlarının təhlükəsizliyini və rifahını təmin etməkdir.

Paşinyan dövlətçiliyin qorunub-saxlanılması kimi strateji problemi həll olunmuş hesab etsə də, qeyd edir ki, minalanmış sahədən ehtiyatla keçmək və növbəti əsrdə dövlətin mövcudluğunun təmin olunmasına imkan verəcək mərhələyə çatmaq lazımdır.

“Mən əminəm ki, biz növbəti yüz il ərzində Ermənistanın dövlətçiliyinin mövcudluğuna təminat vermişik”, - hökumət başçısı vurğulayıb./azpolitika.info