Günel Natiq: “Narkotikin hansı bəlalara gətirib çıxardığı, ailələrdə necə fəlakətlər yaratdığı gənclərə maarifçilik yolu ilə başa salınmalıdır”
“Sosial qüsurları aradan qaldırmaq məktəbin vəzifəsi deyil. Məktəbin vəzifəsi cəhaləti, savadsızlığı aradan qaldırmaqdır”
Bütün dünyanı cənginə alan narkotik bəlasından ölkəmiz də əziyyət çəkir. Dövlətimiz narkotikin əleyhinə yeni-yeni proqramlar hazırlasa da, müxtəlif tədbirlər görülsə də, bu bəlaya tutulanların sayında azalma müşahidə edilmir. Odur ki, bir çox ekspertlər daha çox maarifləndirici tədbirlərin aparılması təşəbbüsü ilə çıxış edir və cəmiyyətdə nüfuz sahibiu olan insanların da bu prosesə cəlb olunmasının vacibliyini irəli sürürlər.
Biz də, Stopnarkotik.az olaraq, bu sahədə əlimizdən gələni etməyə çalışırıq ki, narkomaniyanın və narkotik ticarətinin ölkəmizdə kökü kəsilsin. Yazıçı-jurnalist, “Azərbaycan Radiosu”nun aparıcısı Günel Natiqlə söhbətimiz də məhz bu mövzu ətrafındadır.
G.Natiq deyir ki, Azərbaycanda narkotik 90-cı illərdən sonra geniş yayılmağa başladı: “Narkotik gənclərin vaxtından tez yaşlanmasına, orqanizmlərində fəsadlar yaranmasına, qəfil ölümlərə, ürəktutmalara, infarktlara və s, xəstəliklərə səbəb olur. Məktəblərdən əsaslı nəzarət gözləmək bir az sadəlövhlük olar, bu işə ailələrin öz yanaşması olmalıdır. Onlar öz uşaqlarını nəzarətdə saxlamalı, ətrafdakı dostlarıyla maraqlanmalı, hətta həmin uşaqların valideynləri ilə də tanışlıq qurmalıdırlar. Yəni mühit çox önəmlidir. Uşaq düşdüyü mühitə uyğunlaşmağa çalışır. Əgər bir məhəllədə narkotik istifadə edən şəxs, yaxud qrup varsa, təzə gələn uşaq da onlardan geri qalmamaq üçün onlar kimi olmağa çalışacaq. Bundan başqa, həmin tərbiyəli uşağa qrupun aşağılayıcı münasibəti də olur ki, bunun öhdəsindən gəlmək yeniyetməyə ölümcül təsir bağışlayır. Belə desək, o, hər şeyə razı olur ki, ona "ana uşağı" kimi yox, özlərindən biri kimi baxsınlar.
Odur ki, valideynlər uşaqlarını pis vərdişlərdən uzaq tutumaq üçün onlara faydalı işləri aşılamalıdır. Məsələn, uşaqlar musiqi, idman, rəsm və s. sahəyə yönləndirlilsə, bu, həm onları pis mühitə düşməkdən qoruyacaq, həm də onlara yeni həyat baxışı aşılayacaq, faydalı insan kimi formalaşdıracaq”.
Günel Natiq hesab edir ki, narkotik istifadəçilərinə qarşı cəzaların sərtləşdirilməsi lazımi nəticələrə gətirib çıxarmayacaq: “Məsələn, bir çox Avropa ölkələrində narkotik qanunidir, amma bu fakt nəticəyə təsir etmir. Kitablardan oxuduğumuza görə, insanların böyük bir hissəsi yeniyetmə vaxtı marixuananın dadına baxır, sonra tərk edir. Deməli, azadlıq və məhdudiyyətlər də öz normasında olmalıdır. Sadəcə, bu sahədə maarifçilik aparılmalıdır. Narkotikin hansı bəlalara gətirib çıxardığı, ailələrdə necə fəlakətlər yaratdığı gənclərə başa salınmalıdır. Narkotik çəkən insanın normal ailəsi olmur. Ailə dağılır, uşaqlar pərən-pərən düşür, həmin insan özü isə peşmançılıq içində və “bomj” kimi həyatla vidalaşır”.
Günel xanımın fikrincə, son vaxtlar cəmiyyətin bəlasına çevrilən - qadına olan zorakılığın da başlıca səbəbi narkotikdir: “Gənclər anlamalıdırlar ki, narkotik çəkən insan heç vaxt şəxsiyyət kimi formalaşa, ailə başçısı, ata ola bilməz. Təsadüfi deyil ki, son vaxtlar neçə qadın narkoman ərin zorakılığının qurbanı oldu, uşaqları gözü yaşlı qaldı”.
Müsahibimiz hesab edir ki, narkomaniyanın zərərləri ilə bağlı təhsil ocaqlarında məktəblilərlə görüşə peşəkar insanlar cəlb olunmalıdır: “Bunlar həqiqətən dəyərli insanlar olmalıdır. Yoxsa bəzən ekspert kimi elə insanlar dəvət olunur ki, onların özlərinə yaşam məsləhəti vermək lazım olur.
Avropada məktəblərdə neçə illərdir ki, narkomaniyaya dair mövzular qoyulur, dərslər aparılır. Amma təhsil mütəxəssisləri əsasən bu fikirdədirlər ki, sosial qüsurları aradan qaldırmaq məktəbin vəzifəsi deyil. Məktəbin vəzifəsi cəhaləti, savadsızlığı aradan qaldırmaqdır. Əlbəttə, şagirdlərin narkomaniyaya meyl etməsi müəllimləri narahat edir, amma bu qeyri-sağlam davranışları aradan qaldıracaq gücdə deyil. Onların fikrincə, şagirdlər ən azından həyat dəyərlərini düzgün dəyərləndirə bilməmələri üçün məsuliyyət daşımalıdırlar”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az