Qadın həyat yoldaşını niyə öldürdü? - Bakıdakı qətlin təfərrüatı

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Gülnar Vəlizadə Ali Məhkəməyə müraciət edib.

Onun müraciətinə hakim Şahin Yusifovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

İş üzrə məhkəmə baxış iclası gələn ilin mart ayına təyin olunub.

Hadisəyə gəlincə isə ötən il yanvarın 30-da Suraxanı rayonunun  Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin yaşadığı evdə kəsilmiş-deşilmiş bıçaq xəsarəti alması və aparıldığı xəstəxanada ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
 Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.

İş üzrə dindirilmiş Gülnar Vəlizadə ifadəsində bildirib ki, Elşən Hadızadə ilə Azərbaycan Texniki Üniversitetində təhsil alarkən tanış olub. Bir-birilərini sevib 2014-cü ildə ailə qurublar. 2015-ci və 2018-ci illərdə iki övladları dünyaya gəlib. Uzun müddət kirayədə və atasının himayəsində yaşayıb maddi çətinlik çəkiblər. Elşənin valideynlərinin maddi dəstəyi ilə Hövsan qəsəbəsində ev alıblar. Elşən dost tanışlarından müxtəlif məbləğlərdə borc pul alsa da, sonradan onları qaytara bilməyib. Borc pul verən şəxslər artıq qapıya gəldikdə, o, əsəbiləşib. Aralarında maddi sıxıntılara görə dəfələrlə mübahisələr yaranıb. Onu uşaqların gözü qarşısında döyüb.

Övladları da atalarının bu hərəkətlərindən qorxub. Ailə məsələlərinə müdaxilə etdiyindən Elşən atasından işlərinə qarışmamasını tələb edib. Əri qəsəbədə fəaliyyət göstərən marketdə satıcı kimi işləməyə başlayıb.

Yanvarın 29-da axşam Elşən işdən evə gələndə Gülnar uşaqlardan birinə dərs keçib. Əri sakit olmalarını tələb edənədə, ona uşağa dərs öyrətdiyini bildirib. Buna görə dalaşıblar və yoldaşı ona əl qaldırıb uşağın beşiyini də təpiklə vuraraq sındırıb.

Səhərisi gün saat 8-də işə gedən Elşən günorta evə gəlib. Dişi ağrıdığı üçün əri çarpayıya uzanıb yatmaq istəsə də, onu uzanmağa qoymayıb. Ondan uşağın beşiyini necə qırıbsa, elə də düzəltməyini tələb edib. Yaranan növbəti mübahisə zamanı Elşən otaqda uşaqların gözü qarşısında onu döyüb və sağ əli ilə boğazından tutub boğub. Nəfəsinin kəsildiyini görən qadın bir anda Elşənin əlindən çıxıb qabdan mətbəx bıçağını götürərək sol əlində saxladığı bıçaqla ərinin sinəsinə zərbə endirib. Sinəsindən qan axdığından əri əyilib yerə oturub.

Gülnar Vəlizadə ifadəsinin davamında bildirib ki, qaçaraq qonşusundan dərman alaraq onunla birlikdə evə qayıdıb. Qonşusu sakitləşdirici iynə vurduqdan sonra onu çarpayıya uzadıblar. Qonşusuna Elşənin bıçaqla özünə xəsarət yetirdiyini bildirib. Çünki əri ona söyləyib ki, "kim soruşsa, deyərsən, özüm özümü vurmuşam, bilsələr ki, sən vurmusan, polislər səni tutacaq" deyib.

Bundan sonra qonşusunun tapşırığı ilə aptekə gedərək lazımı dərmanlar alıb. O vaxta qədər atası, əmisi və yoldaşının Azad adlı dostu onlara gəliblər. Elşən bıçağın təsadüfən ona batdığını bildirdikdə, atası deyib ki, yalan danışmağın yeri yoxdur, polislərə düzünü söyləyəcəklər.

Dəfələrlə telefonu alıb Təcili Tibbi Yardıma zəng etmək istəsə də, əri buna imkan verməyib. Növbəti dəfə o, “103” xidmətinə saat 16:30 rədələrində zəng edib.

Gülnar Vəlizadə bildirib ki, yoldaşının vəziyyəti ağırlaşdığından o, təcili yardıma saat 17:39 radələrində yenidən zəng edib. Tibbi briqada gələrək Elşəni xəstəxanaya aparıb.

Gülnar Vəlizadə əlavə edib ki, Elşəni öldürmək məqsədi olmayıb. Bir neçə dəfə aralarında dava baş verəndə bıçaqla onu qorxudub, amma həmin gün kəsici alət təsadüfən özü də bilmədən onun sinəsinə batıb. Əməlindən çox peşmandır. Elşənlə bir-birilərini istəyib evləniblər və aralarındakı mübahisələrə baxmayaraq, onu sevib.

Məhkəmə iclasında Gülnar Vəlizadə ittiham üzrə özünü qismən təqsirli bilib. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini və övladlarına tez qovuşa bilməsi üçün ona mümkün qədər yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkmiş şəxsi hüquqi varisi hadisə nəticəsində oğlunu itirdiyini bildirərək gəlininə ağır cəza verilməsini istəyib.

Sonda məhkəmənin hökmü ilə Gülnar Vəlizadə CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsi ölümünə səbəb olma) maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunub./olke.az