Rusiya tarixində hər zaman siyasi və iqtisadi böhranlarda “qurbanlıq keçi” tapıb, bütün günahları onun üzərinə atılması adi hal olub. Özü də çox zaman bu tale heç də hər zaman ölkənin birinci şəxsinin alnına yazılmır.
Necə deyərlər, “uzunqulağa gücü çatmayan” rus elitası “palanı döyməklə” məşğul olur və birinci şəxsi yox, hansısa iri ranqlı məmuru günahkar çıxarır. Necə ki, bu gün də Rusiya iqtisadiyyatının üzləşdiyi iqtisadi çətinliklər, xüsusilə də maliyyə sektorunda yaranan vəziyyət və rus rublunun kursundakı dəyişikliklərə görə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina günahlandırılır...
Əksər beynəlxalq ekspertlərin də bildirdiyi kimi, Rusiya iqtisdadiyyatının düşdüyü çətin durum və artmaqda olan ciddi problemlər üç ilə yaxındır Rusiyanın Ukraynaya başlatdığı işğalçılıq müharibəsilə bağlıdır. Buna baxmayaraq, “özünü o yerə qoymaq istəməyən” Kreml son iki ildə əhalinin istehlak xərclərini və korporativ gəlirləri artırmağa yönələn iqtisadi siyasət yürüdüb. Bu da öz “bəhrəsini” verir. Belə ki, son zamanlar müharibə inflyasiyanın və faiz dərəcələrinin artmasına səbəb olmaqla yanaşı, şirkətlərin mənfəətinə böyük zərbə vurur.
Buna baxmayaraq, Rusiyanın biznes elitası müharibənin yaratdığı fəsadları və bu müharibəni başlayanı bir tərəfə qoyaraq, şikayətlərini Rusiya Mərkəzi Bankının rəhbərinə yönəldir. Yaşamaq və əvvəlki kimi yüksək səviyyədə yaşamaq üçün mübarizə aparan rus elitası Putinə süni sədaqət nümayiş etdirərək, Nabiullinanı əlverişli hədəfə çevirir.
Elvira Nabiullina inflyasiyanı cilovlamağa cəhd edərək əsas faiz dərəcəsini rekord səviyyəyə qaldırıb və bu, borc vəsaitlərinin dəyərinin kəskin bahalaşmasına səbəb olub. Məlum olduğu kimi, sonuncu dədə Mərkəzi Bankın uçot dərəcəsi rekord 21% olaraq müəyyən edilib. Lakin bankın dekabrın 20-də onu yenidən artıracağı gözlənilir.
Buna baxmayaraq, ölkədə inflyasiya 9% -dən yüksək olaraq qalır. Bu da fəsadlarsız ötüşmür. Məsələn, kərə yağının kəskin bahalaşması supermarketlərdə bu məhsulun oğurlanmasına səbəb olur. Buna paralel olaraq, Rusiyada “ən vacib istehlak məhsulu” olan arağın da qiyməti durmadan bahalaşır...
Faiz dərəcələri və inflyasiyanın eyni vaxtda yüksəlməsinin fonunda Rusiya şirkətlərinin xərcləri artır, marjalar isə daralır. Məsələn, Rusiyanın ən böyük mobil operatoru olan MTS bu yaxınlarda üçüncü rübdə xalis mənfəətinin təxminən 90%-ə yaxın azalmasını faiz ödənişlərinə xidmətlə bağlı xərclərin artması ilə əlaqələndirdi. Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” isə ötən ay yüksək faiz dərəcələrini əsas gətirərək neft emalı zavodlarının modernləşdirilməsini təxirə salmaq məcburiyyətində qaldığını bəyan etdi.
Rusiyada müflisləşmə dalğası ilə bağlı da narahatlıqlar artır. Son rəsmi məlumatlara görə, Rusiyada 200-dən çox iri ticarət mərkəzi artan borc yükü səbəbindən iflas riski ilə üzləşib. Rusiya yükdaşıyıcılarının isə üçdə birini 2025-ci ildə iflas gözləyir.
Nabiullinanı hədəf alan iri fiqurlara gəlincə, bu siyahıya Putinin çevrəsindəki milyarderlərdən tutmuş ayrı-ayrı böyük dövlət strukturlarına rəhbərlik edən şəxslərə, hətta akademiklərə qədər bir çox tanınmış şəxslər daxildir.
Rusiyanın “Rostek” dövlət müdafiə konqlomeratına rəhbərlik edən Sergey Çemezov Mərkəzi Bank rəhbərini hədəf göstərərək, faiz dərəcələrinin səviyyəsini “sənayenin gələcək inkişafı üçün ciddi maneə” adlandırıb.
Oliqarx, milyarder Oleq Deripaska isə Mərkəzi Bankın siyasətinin iqtisadiyyatın “nəfəsini kəsdiyini” deyib və hətta “ölkənin nəfəs ala bilməsi” üçün uçot dərəcəsinin 5%-ə endirilməsini tələb edib.
Nabiullinaya qarşı kəskin reaksiyalar artdıqca, onu istefaya çağıranlar da çoxalır. Hətta mərkəzi televiziya kanallarında öz şovinist, qatı millətçi mahiyyətini gizlədə bilməyən bir çox “ekspertlər” Nabiullinanın tatar milli mənşəyinə eyham vuraraq, tez-tez “Elvira Sahipzadovna” ifadəsindən kinayəli şəkildə istifadə edirlər və onun ünvanına kəskin tənqidlər səsləndirirlər.
Nabiullinanı “qamçılayanlar” arasında Rusiya Elmlər Akademiyasının akademiki Sergey Qlazyev də var. O, Mərkəzi Bankın öz siyasəti ilə “Qərbə hədiyyələr etdiyinə” diqqət çəkib. Akademik Rusiya Bankının “təxribatçı addımları” ucbatından artıq bir neçə ildir ki, iqtisadiyyatın “lənətlənmiş dairədə fırlandığını” deyib. O qeyd edib ki, Mərkəzi Bank növbəti dəfə guya inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcəsini qaldıraraq kreditlərin kəskin azalmasına səbəb olur. Bu da öz növbəsində kreditlər hesabına maliyyələşdirilməli olan investisiyaların azalması deməkdir. Belə ki, bank sistemi əmanətlərin investisiyaya çevrilməsini təmin edir. Amma faiz dərəcələri yüksəlirsə, investisiya kreditləşməsi azalır. Yəni, Mərkəzi Bank faktiki olaraq bütün bank sisteminin fəaliyyətini bloklayır və bu sistem öz əsas funksiyasını yerinə yetirməyi dayandırır. Nəticə isə rublun yeni devalvasiyasıdır. Onun dediyinə görə, bu, 4-5 illik dövrü olan bir qapalı dairədir: “Bu dövrələri xanım Nabiullinanın hakimiyyətinin bütün vəzifə dövrü boyunca izləmək olar”.
Sonda akademik Sergey Qlazyev Elvira Nabiullinanı hətta bütün bunları bilə-bilə etməkdə və vətənə xəyanətdə(!) günahlandırıb.
Putin isə hələlik kənarda qalır və prosesə müdaxilə etmir. Nabiullina hər nə qədər Putinin tam dəstəyinə malik olsa da, sanksiyalardan və müharibədən ciddi zərər görən iqtisadiyyat fonunda inflyasiyaya nəzarət üçün yürüdülən sərt maliyyə-pul siyasəti Rusiya iqtisadiyyatını ressessiyaya, tənəzzülə sürükləyə bilər. Məhz o zaman “qurbanlıq keçi”yə mütləq ehtiyac yaranacaq. O vaxt isə Nabiullinanın fəaliyyətinin “yoxlanması” da daxil olmaqla, akademik Qlazyevin verdiyi “vətənə xəyanət” qiymətinin real çalarlar alması istisna edilə bilməz...
Analitiklər hesab edirlər ki, Rusiya iqtisadiyyatı müharibənin zərbəsinə uzun müddət tab gətirə bilməz. Hazırda Rusiya iqtisadiyyatı hələ ki, dayanır. Lakin rublun dəyərinin sürətlə aşağı düşməsi yığılmış problemlərin kritik xarakter aldığını göstərir.
Xatırladaq ki, hələ müharibənin ilk həftələrində, 2022-ci il martın əvvəlində 2013-cü ildən Mərkəzi Bank rəhbəri postunu tutan və qarşıda ölkəni nələrin gözlədiyini anlayan E.Nabiullinanın istefa ərizəsi yazdığı barədə mötəbər mənbələr məlumat yaymışdılar. Lakin onun istefa ərizəsini Vladimir Putin qəbul etməmişdi. İndi isə kimsə tam təminat verə bilməz ki, vəziyyət daha da pisləşərsə, Putin Mərkəzi Bank sədrini artıq öz ərizəsilə deyil, tamamilə başqa cür - “iqtisadiyyatdakı uğursuzluğun ən başlıca günahkarı” kimi “yükləyərək” yola salmayacaq.../azpolitika.info