PUTİNDƏN AÇIQ NÜVƏ TƏHDİDİ - “Bunun faciəli nəticəsi olacaq...”

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedevin “Putinin dili ilə danışdığı” barədə deyilənlər öz təsdiqini tapır.

Stopnarkotik.az “AzPolitika”-a istinadən xəbər verir ki, bu gün Rusiya Federal Məclisinə müraciətlə çıxış edən Vladimir Putin Qərb ölkələrini açıq şəkildə nüvə silahı ilə təhdid edib.

Putin Fransa Prezidenti Emmanuel Makronun NATO ölkələrinin Ukraynaya ordu göndərə biləcəyi barədə açıqlamasını nəzərdə tutaraq, bunun həmin ölkələr üçün “faciəli nəticələrlə” gətirib çıxaracağı ilə hədələyib: “Qərb deyir ki, Rusiya guya Avropaya hücum edəcək. Bu, cəfəngiyyatdır... Onlar NATO hərbi kontingentlərinin Ukraynaya göndərilməsinin mümkünlüyü barədə danışmağa başlayıblar. Biz vaxtilə öz kontingentini ölkəmizin(?) ərazisinə göndərənlərin taleyini xatırlayırıq, lakin indi mümkün işğalçılar üçün nəticələr daha faciəli olacaq. Onlar başa düşməlidirlər ki, bizim də onların ərazisindəki hədəfləri vura biləcək silahlarımız var. Onların (Qərbin - red.) uydurduğu və bütün dünyanı qorxutduğu hər şey həqiqətən nüvə silahının tətbiqi, deməli sivilizasiyanın məhvi ilə nəticələnəcək real münaqişə təhlükəsi yaradır”.

Göründüyü kimi, Putin digər ölkələrin suveren ölkə olan Ukraynaya yardım üçün qoşun göndərməsini sanki Rusiyanın ərazisinə “işğalçıların” göndərilməsi kimi qələmə verir. Yəni, Ukraynanı Rusiya ərazisi hesab edir. Bu isə bir daha Kremlin Ukraynanın dövlət olaraq mövcudluğuna son qoymaq istəyini təsdiqləyir.